İsrail hakimiyyəti oktyabrın 1-də İranın kütləvi raket hücumuna cavabın formatı ilə bağlı hələ qərar verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.
“İsrail Təhlükəsizlik Kabinetinin cümə axşamı keçirilən iclası “cavabın nə olacağına dair qərar qəbul edilmədən başa çatıb”.
Eyni zamanda, baş nazir Benyamin Netanyahunun hökumətində fikir ayrılıqlarının olub-olmaması bəlli deyil”, - mənbə qeyd edib.
“Bloomberg” yazır ki, ABŞ, bir sıra Avropa və ərəb ölkələri İsrailin İrana genişmiqyaslı hücumunun bütün regionda müharibəyə səbəb ola biləcəyindən və bunun Vaşinqtonu münaqişəyə birbaşa cəlb edəcəyindən narahatdır. Agentlik bildirir ki, ABŞ prezidenti Joe Biden noyabrda keçiriləcək seçkilər öncəsi Yaxın Şərqdə vəziyyətin mümkün qədər sakit qalmasını təmin etməkdə xüsusilə maraqlıdır.
Xatırladaq ki, oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkməyib. O, hücumun gözlənilməz və ölümcül olacağını qeyd edib.
Bizim.Media