Qərb Gürcüstanı küncə SIXIŞDIRIR - Tiflis “tamam”, yoxsa “davam” deyəcək?

Qərb Gürcüstanı küncə SIXIŞDIRIR - Tiflis “tamam”, yoxsa “davam” deyəcək?

Hazırda oxunan: Qərb Gürcüstanı küncə SIXIŞDIRIR - Tiflis “tamam”, yoxsa “davam” deyəcək?

201392

“Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə mindikdən sonra Qərb Gürcüstana təzyiqlərini artırır və bu təzyiqləri açıq şəkildə nümayiş edir. Məsələn, bu günlərdə Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsini dayandırıb.

Amma Gürcüstanın Aİ-yə namizəd statusu ləğv edilməyib. Avropa İttifaqı Gürcüstanın qəbulu prosesini dayandırmaqla kifayətlənməyib, həm də respublikaya maliyyə yardımını durdurub. Məsələn, Avropa Sülh Fondundan Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində vəsaiti dondurub.

Bu barədə məlumat verən Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski buna Gürcüstanda təsdiq edilmiş xarici agentlər haqqında qanunun səbəb olduğunu açıqlayıb.

“Parlament xarici agentlər haqqında qanunu qəbul edərkən, Avropa diplomatiyasının rəhbəri Josep Borrell dedi ki, sənəddə doqquz bənddən ən azı üçünə – dezinformasiya ilə mübarizə, siyasi qütbləşmə və vətəndaş azadlıqlarına hörmətlə bağlı ziddiyyət təşkil edir. İyunun 24-də Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşündə Borrell söz vermişdi ki, Gürcüstan hökuməti indiki siyasi kursunu davam etdirsə, Avropa İttifaqının qapıları onun üzünə bağlı olacaq. Bu da verilən vədin nəticəsi…”

Aİ-dən xəbərdarlıq

Pavel Qerçinski onu da bildirib ki,  oktyabrda keçiriləcək seçkilərdən sonra yeni  hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq.

Əslində Aİ təmsilçisinin fikirlərindən inqilab qoxusu gəlir. Bu sözləri ilə o gürcü cəmiyyətinə mesaj verib ki, payızda keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşın. Əgər İvanişvilinin komandası devrilsə o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq.

Ümumilikdə götürəndə Aİ üzvlüyü məsələsi bir oyundur. Daha doğrusu postsovet ölkələrinin Rusiyaya qarşı müharibəyə təşviq etmək üçün  bu Qərbin bir alətidir. Hər kəs bilir ki, ərazi bütövlüyü və suveren hüquqları sual altında qalan heç bir dövləti Aİ öz çətiri altına almaz.

Üstəlik, iqtisadi problemlərin məngənəsində sıxılan bir ölkə Aİ-yə ancaq yük ola bilər Ona görə də iqtisadi prblemləri olan və ərazisinin 20 faizi işğal altında saxlanılan Gürcüstan kimi bir dövlət Aİ-yə lazım deyil.
Nəzərə alaq ki, Aİ Gürcüstanın üzvlük məsələsin 2030-cu ildə baxacaq. Halbuki 1999-cu ildə Gürcüstana namizədlik statusu verilib. Bununla belə ötən 25 ildə müxtəlif bəhanələrlə Gürcüstanın üzvlük məsələsi ertələnib. Yəqin ki, 2030-cu ildə də bu məsələ reallaşmayacaq.

Amma bununla belə Qərb öz təhdidlərindən qalmır. Məsələn, bir müddət əvvəl ABŞ Gürcüstana qarşı müvafiq cəza tədbirlərinə başlayıb. Belə ki, ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiqinə başlayıb. Rəsmi Vaşinqton Gürcüstan vətəndaşına, o cümlədən rəsmi şəxslərə və onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq edir. Bundan sonra bir sıra Gürcüstan rəsmləri və o cümlədən, parlamentin üzvləri ABŞ-ın viza sanksiyaları ilə üz-üzə qalacaq.

Göründüyü kimi, bir qanuna görə ABŞ həm qanunun təşəbbüskarlarını, həm də onun parlamentdə qəbulunda əli olan hər kəsi cəzalandırır. Yəqin ki, bu cəza tədbirlərinin davamı gələcək. Beləcə, Qərb öz mahiyyətini bir daha ortaya qoyacaq. Təbii ki, Qərbin mahiyyəti, qlafı və populizmi çoxlarına aydındır.

Bəs, mövcud vəziyyətdən Gürcüstan necə xilas olacaq?

Dayanıqlı iqtisadiyyatı olmayan Gürcüstan üçün çətin günlər gəlir. Məlumdur ki, Gürcüstan hər il həm ABŞ-dan, həm də Aİ-dən maliyyə dəstəyi alırdı. Amma agentura şəbəkəsi haqqında qanunun qüvvəyə minməsindən sonra bu yardımlar dayandırılır. Ən azı müəyyən müddətə… Çünki, Qərb Gürcüstana lazım olduğu qədər, Gürcüstan da Qərbə lazımdır. İndiki həssas dönəmdə həm Qərb, həm də Gürcüstan inadkar görünür. Amma Qərbin daha rez inadından əl çəkəcəyi inandırıcı gəlir. Çünki, əgər Qərb Gürcüstandan əlini çəksə, o zaman  məcburən Rusiyaya yaxınlaşmalı olacaq. Bu isə Qərb üçün ən arzuolunmaz variantdır. Ona görə də Qərbin təhdidləri tədricən səngiyəcək.

Amma Gürcüstan inad edəcəyi təqdirdə qazanacaq. Ən azı ölkənin ərazi bütövlüyü və suveren hüquqları bərpa olunacaq. Lakin həmin zamana qədər Gürcüstan ciddi siyasi və iqtisadi təzyiqlərlə üzləşəcək. Əgər rəsmi Tiflis Qərbin təzyiqlərinə boyun əyməsə, o zaman Rusiya Gürcüstanla münasibətlərinə yenidən baxacaq. Bu da o deməkdir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın nəzarətinə qaytaracaq. Məlumdur ki, hazırda bu bölgə Rusiyanın nəzarət zonasındadır. Hətta Cənubi Osetiya və Abxaziya Rusiyanın Federal Büdcəsindən maliyyəlləşir. Vəziyyətin belə hal almasınınsa səbəbi vaxtilə Gürcüstanın Qərbə meyillənməsi olub. O zamansa Rusiya buna qarşı çıxdı. Öz sərhədlərində avropalıları və amerikalıları görmək istəmədiyini bildirdi və Rusiya fikrində nə qədər ciddi olduğunu Gürcüstanda separatizmi alovlandırmaqla sübut etdi. Artıq 16 ildir ki, Gürcüstanın 20 faiz ərazisi işğal altındadır.

İndiki zamanda isə Gürcüstan müharibə etmədən, qan tökmədən işğala son verdirmək istəyir. Bunun üçünsə tək şərt Gürcüstanın Qərbin idarəçiliyindən çıxmasıdır.
Əslində, rəsmi Tiflis anlayır ki, Qərb heç zaman 20 faiz torpaqlarının azad olmasında Gürcüstana kömək etməyəcək. Bunun ən bariz nümunəsi Azərbaycan gerçəkliyidir. Azərbaycan 25 il Qərbə inandı, gözlədi. Sonda isə ərazi bütövlüyünü və suveren hüquqlarının öz qətiyyəti hesabına bərpa etdi. Qərbə inanan Moldova da eyni acı aqibəti yaşayır. Ukraynada isə vəziyyət daha faciəlidir. Bu gün Ukraynanın yer üzündən silinməsi ehtimalı çox böyükdür.

Bütün bunlara rəğmən Gürcüstan seçim anındadır. Ya Qərbin arxasınca gedib, ərazilərinin işğal müddətini bir qədər də uzadacaq. Ya da heç bir bloka qoşulmadan regional inkişafa və mehriban qonşuluğa meydan açacaq. Bu halda isə Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası heç də uzaq görünmür.

Surxay Atakişiyev, Bizim.Media

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO