Xatırlayırsınızsa, ötən həftə dünya siyasi gündəminin əsas müzakirə mövzularından biri Fransa Prezidenti Emmanuel Makronun açıqlaması oldu. Belə ki, Makron ötən həftə 20 Avropa ölkəsinin liderlərinin birgə konfransının keçirildiyi tədbirdə ondan gözlənilməyən “cəsarət” nümayiş etdirdi.
Fransa lideri kürsüyə çıxıb, özünü Napoleona, yaxud Şarl de Qolla bənzədirmiş kimi pafoslu nitq söylədi. Elə danışdı ki, sanki Rusiyanın üzərinə yeriyən Napoleon ordusunun qarşısında çıxış edir. Yaxud da Şarl de Qoll fransızları faşizmə qarşı mübarizəyə səsləyir.
MÖVZU İLƏ BAĞLI:
NATO Makrona "yox" dedi: "Ukraynaya qoşun göndərilməyəcək"
Makron həmin “məşhur” çıxışında bunları dedi:
“Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik”.
Yəqin ki, bu çıxışın videosu olmasa idi, heç birimiz Makronun belə bir açıqlama verdiyinə inanmazdıq. Çünki o həmin Makrondur ki, 2022-ci ilin fevralında, Rusiyanın savaşa ilk başladığı günlərdə Ukraynaya yardım etməyə belə tərəddüd edirdi, daha doğrusu qorxurdu. Digər tərəfdən, NATO-nun faktiki lideri olan ABŞ-ın rəsmiləri belə bu günə qədər Ukraynaya açıq hərbi müdaxilə ehtimalından danışmayıb. Amma Makron “şir ürəyi yeyib”, dünyanı təəccübləndirməyi bacardı.
Lakin...
Makronun ağlı gec də olsa başına gəldi. Daha doğrusu onun başına ağıl qoyanlar tapıldı. Çünki Makronun bu cəsarəti Qərbdə əks reaksiya ilə qarşılandı. NATO-nun baş katibi və digər Qərb liderləri Fransa prezidentinin başından böyük danışaraq, etdiyi səhvi düzəltmək üçün təcili açıqlama vermək məcburiyyətində qaldılar. Onların hər biri Makronun “ağzının üstündən vurub”, NATO-nun Ukraynaya müdaxilə planının olmadığını elan etdilər.
Ona görə də bu gün Makron əsl özünə yaraşan formada açıqlama verdi. Yeni açıqlamasında elə bir “U” dönüşü etdi ki, tarixdə belə bir ikiüzlülüyün analoqu görünməmişdi.
Makron bildirdi, yəni bildirməyə məcbur oldu ki, Fransa yaxın vaxtlarda Ukraynaya qoşun göndərməyi düşünmür. Səhvini düzəltmək üçün Makron bu bəhanəni uydurdu:
“Həmin bəyanat “Ukraynaya ə dəstək vermək üçün edilə biləcək hər şeyi düşünürük” mənasına gəlir”.
Makron niyə geri addım atdı?
Bunun da səbəbi bəllidir. Əvvəla ondan başlayaq ki, Makron NATO-nun Ukraynaya müdaxilə edə biləcəyini deyəndə özünü göstərmək, Qərbin liderlərindən biri olduğunu sübut etmək istəyirdi. Lakin Qərbin əsl liderləri kamera qarşısına çıxıb, Makronu sözün həqiqi mənasında uşaq kimi danlayandan sonra daşlar yerinə oturdu. Ona görə də Makron ötən həftə olan “şir cəsarəti”ndən çıxıb, əsl obrazı olan “dovşan”a döndü.
Bu gün əvvəlki fikirlərini təkzib edən Makron bizim tanıdığımız əsl Makrondur: bir sözü digərini tutmayan, yalançı və ikiüzlü...
Lakin bu dəfə durum bir qədər fərqli, daha doğrusu geniş masştablı idi. Biz Qarabağ məsələsində, Azərbaycan-Ermənistan münasibətlərində Makronun bu cür açıqlamalarını, yalanlarını dünən “ağ” dediyinə, bu gün “qara” dediyini dəfələrlə görmüşdük.
İndi bizim gördüyümüzü bütün dünya gördü. Makronun bir həftə ərzindəki 180 dərəcəlik dönüşünü görəndə isə məşhur ifadə yada düşür:
“İngilis bayrağı”
O şəxslərə ingilis bayrağı deyilir ki, sərf edəndə çox asanlıqla mövqeyini dəyişirlər. Amma Makron heç “ingilis bayrağı” da ola bilmədi. Çünki nə ilk açıqlaması, nə də sonrakı təkzibi Makrona fayda yox, rəzillik gətirdi.
Məşhur filmimizdə deyilən “fransız xalqı kef edir” fikirlərini bu gün Fransa xalqına aid edə bilmirik.
Heyf fransızlara. Napoleon, Şarl de Qoll kimi liderlər yetişdirmiş xalq bu gün Makronun ümidinə qalıb...
Murad Əhmədov, Bizim.Media