Zelenski UÇURUMUN KƏNARINDA – Ukrayna dövlətçiliyini gözləyən BÖYÜK TƏHLÜKƏ

Zelenski UÇURUMUN KƏNARINDA – Ukrayna dövlətçiliyini gözləyən BÖYÜK TƏHLÜKƏ

Hazırda oxunan: Zelenski UÇURUMUN KƏNARINDA – Ukrayna dövlətçiliyini gözləyən BÖYÜK TƏHLÜKƏ

173850

Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin yanvarın 16-da Ukraynada davam edən müharibə ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, Qərbin siyasi elitası birmənalı şəkildə Zelenskiyə Rusiya ilə hər hansı bir təmas qurmasına qəti qadağa qoyub:

“Ona görə ki, Qərb müharibənin bitməsini yox, uzun müddət davam etməsini istəyir. Baxmayaraq ki, Ukraynanın bütün əks-hücumu uğursuzluğa düçar oldu. Belə davam edərsə, Ukrayna dövlətçiliyinə çox ciddi zərbə dəyə bilər”.

Putin həmçinin Ukrayna hakimiyyətini Rusiya Federasiyası ilə danışıqlardan imtina etdiyinə görə tənqid edib:

“Bu münaqişə çoxdan bitə bilərdi. Lakin Ukrayna Rusiya ilə danışıqlardan imtina etdi”.

Rusiya liderinin fikirləri bir çox maraqlı məsələləri gündəmə gətirir, xüsusilə də, Qərb nöqteyi-nəzərindən. Baxmayaraq ki, Qərb hər zaman özünü sülhün tərəfdarı və sülh carçısı kimi təqdim edib. Həqiqətdə isə Qərb hər yerdə sülh tərəfdarı kimi yox, müharibə qızışdırıcısı kimi çıxış edir. Məsələn, Qəzza bölgəsində münaqişə 4 aya yaxındır ki, davam edir. Amma Qərb hələ də sülh çağırışı etmir. Əksinə İsrail daha irimiqyaslı hücumlara təşviq edilir. Üstəlik, İsrailə hərbi və siyasi dəstək verilir. 

Bu acı mənzərəni ötən 3 ildə Cənubi Qafqaza münasibətdə də görmüşük. Qərb hər vasitə ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına əngəl olur. Bu azmış kimi Ermənistanı müharibəyə həvəsləndirir.

Eyni acı mənzərəyə Ukraynada da şahidlik edirik. 

Qərb bütün imkanlardan istifadə edib Ukraynanı daha irimiqyaslı hücuma təşviq edir. Baxmayaraq ki, Ukrayna Qərbin bütün hərbi dəstəyinə rəğmən Rusiyanın qarşısında aciz qalıb. Bu təkcə sözlə ifadə ediləcək acizlik deyil. Bu dəhşətli rəqəmlərlə ifadə olunan qorxunc bir mənzərədir. 

Ukraynanın Şərq bölgələri neçə ildir ki, cəhənnəmə dönüb. Bu ərazidəki bütün şəhərlər və infrastrukturlar tamamilə məhv olub. Milyonlarla insan doğma yurd-yuvasından didərgin düşüb, yüzminlərlə insan həlak olub. Bütün bu dəhşətlərə rəğmən Ukrayna Rusiya ilə müharibədə bir addım da olsa qabağa gedə bilməyib. Və bu gedişlə heç bir uğurlu nəticəyə də ümid yoxdur. 

Qərbin hədəfi Ukraynanın qələbəsi yox, iflası və parçalanmasıdır. 

Çünki Qərb qonşuluqda müharibədən qalib çıxmış və güclü bir dövlətin olmasını istəmir. Bu müharibədən Qərbin gözləntisi həm Rusiyanın, həm də Ukraynanın zəif salınması və hətta parçalanmasıdır. 

Qeyd edək ki, son illər Ukraynanın parçalanacağı ilə bağlı söhbətlər də səngimir. Məsələn, bəzi Qərb KİV-i iddia edir ki, yaxın zamanlarda Ukrayna bir neçə hissəyə parçalanacaq. Rusiya Müdafiə Şurasının sədr müavini Dmitri Medvedyev ötən il hətta iddia etmişdi ki, Ukrayna 2024-cü ildə 5 yerə bölünəcək. 

Ötən aysa həm Polşa, həm də Macarıstan açıq şəkildə Ukraynaya qarşı torpaq iddiasını irəli sürdü. İddialara görə, cari ildə Ukrayna 5 yerə bölünəcək. Hazırkı ərazilərin bir hissəsi Macarıstanın, bir hissəsi Polşanın nəzarətinə keçəcək. 
Krım, Donetsk və Luqansk da faktiki olaraq, Rusiyanın nəzarətindədir. Hazırkı Ukraynanın cənub hissəsində isə yeni bir yəhudi dövlətinin yaradılacağı söylənilir. Kiyev və ölkənin şimal hissəsi isə Ukrayna adı ilə xəritədə qalacaq. 

Təbii ki, bütün bunlar versiyadır. 

Amma istənilən versiyanın ortaya atılması kimlərinsə niyyətidir. Təəssüflər olsun ki, Qərb də Ukrayna üçün belə qorxunc bir plan cızıb. Ona görə də Prezident Vladimir Putinin dediklərinin arxasında Qərbin bu bəd niyyətinin izləri görünür. 

“Belə davam edərsə, Ukrayna dövlətçiliyinə çox ciddi zərbə dəyə bilər”- deyən Putin yəqin ki, Kiyevə müəyyən mesajlar ötürmək istəyib. 

Bəs, Kiyevdəkilər bu mesajı eşidəcəkmi?

Bunu artıq zaman göstərəcək…

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO