Fransanın son zamanlar Ermənistanı silahlandırması və Azərbaycana qarşı siyasət yürütməsi maraqlı məqamlardan biridir. Sözügedən ölkənin rəsmiləri bu addımlara “ədalət” donu geyindirməyə çalışırlar.
Maraqlıdır, Fransa uzun illər müstəmləkəçilik siyasəti yürütdüyü halda Qafqaz regionunda hansı üzlə “ədalət”i bərpa etməyə çalışır?
Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Fransa tarixinin qara ləkələrini gizlətmək üçün bu addımları atır:
“Fransa Qafqaza “demokratiya” gətirmək istəyir. Ümumiyyətlə, indiki mərhələdə bəzi ölkələr özlərinin iqtisadi, siyasi nüfuzunu artırmaq və imtiyazlar əldə etmək üçün müxtəlif ideologiyalardan istifadə edirlər. Neomüstəmləkə siyasətini gizlətmək üçün bəzən bu üslublardan istifadə olunur. Fransa öz tarixində olan qara səhifələrin ifşa olunmasını və çox sayda ölkəyə vurduğu ziyanı ödəmək istəmir.
Bu ölkə öz müstəmləkəçilik siyasətinə don geyindirərək başqa ölkələrə “ibrət” dərsləri vermək istəyir. Təbii ki, Fransanın saxta demokratiya dərsləri bir çox ölkə tərəfindən qəbul olunmur. Postkolonial ölkələrdə təhsil və informasiya yüksək olduğu üçün lazımi qiyməti verirlər. Azərbaycana bu variantlar keçmir və neokolonial siyasəti ölkəmizdə həyata keçirmək mümkün deyil. Təhsilimiz və yeni tarixdəki təcrübəmiz bunu deməyə əsas verir”.
Politoloq Natiq Miri mövzuya belə yanaşıb:
“Ədalət məsələsi ona baxışla müəyyənləşir. Ədalət haqqın tərəzisidir. Fransa yaradıldığı tarixdən indiyə qədər bu tərəziyə daim müdaxilə edib. Alimlər, siyasətçilər, beynəlxalq siyasət heç vaxt Fransanın ədalətli olduğunu görməyib. Bu cür “ədalət” anlayışında yanlış təsəvvürə malik olan bir hakimiyyət başqa regionda ədaləti bərpa edə bilməz.
Özü örnək olmayan dövlət ədalətdən danışa bilməz. Fransa bütün dünyaya müstəmləkəçi bir dövlət kimi “örnək” olub.
Fransa kimi aldada bilər ki?
Afrika qitəsində ard-arda müstəmləkələri itirən Fransa Avrasiyada - Liviyada, Suriyada, Aralıq dənizində fəaliyyət göstərdi, ancaq bunlar hamısı uğursuzluqla nəticələndi. Makron yeni neomüstəmləkəçilik siyasətini Cənubi Qafqaza tətbiq etmək istəyir. Burada zəif bənd Ermənistandır. Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza sirayət etmək istəyir. Azərbaycanda ard-arda keçirilən forumlar, konfranslar bütün dünyaya mesaj oldu, Fransanın əsl siması ortaya çıxarıldı”.
Məhərrəm Əliyev, Bizim.Media