Misirin paytaxtı Qahirədə onmərtəbəli yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Akhbar El-Yom portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
Daha 24 nəfərin zərər çəkdiyi deyilir.
MÖVZU İLƏ BAĞLI:
Misirdə 10 mərtəbəli bina çökdü - 8 ölü, 29 yaralı - FOTOLAR
Sky News Arabia telekanalı yazır ki, binanın birinci üç mərtəbəsində tikiş fabriki və parça anbarı yerləşib. Binada 100-dən çox insan yaşayıb. Sakinlərin bir çoxu fabrikin işçiləri olub.
Şahidlər bildiriblər ki, qəzadan iki gün öncə binada çatlar əmələ gəlib. Bir neçə sakin binanı tərk etsə də, sakinlərin əksəriyyəti orada qalıb.
Şəhərin qubernatoru hadisə yerinə gələrək ətrafdakı binaların vəziyyətini yoxlamaq üçün komissiya yaratmaq barədə tapşırıq verib. Misirin baş prokuroru isə öz növbəsində, insidentin səbəbinin təcili təhqiq edilməsini tapşırıb.
Bizim.Media