“Qərb Cənubi Qafqazda Rusiyanın siyasətini davam etdirir” – Xarici analitiklərin TƏHLİLİ

“Qərb Cənubi Qafqazda Rusiyanın siyasətini davam etdirir” – Xarici analitiklərin TƏHLİLİ

Hazırda oxunan: “Qərb Cənubi Qafqazda Rusiyanın siyasətini davam etdirir” – Xarici analitiklərin TƏHLİLİ

149112

Noyabr ayında Azərbaycanla Ermənistan arasındakı müharibənin sona çatmasının 3-cü ili tamam olur. Ermənistanın 10 noyabr tarixində imza atdığı kaputilyasiya aktının müddəalarına əsasən bu zamana qədər iki ölkə arasında sülh müqaviləsi imzalanmalı olsa da, lakin biz hələ də bunun şahidi olmuruq.

Hər iki ölkə arasında vasitəçi kimi çıxış edən böyük güclər də Ermənistanın Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalamasına nail ola bilməyiblər. 

Sual doğuran məqam isə beynəlxalq hüquqla tanınan Qarabağ ərazisi ilə bağlı vasitəçi tərəflərin qeyri-müəyyən mövqeyidir. 

Bundan əlavə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozef Borrel Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsini dərhal açmalı olduğunu, Qarabağdakı ermənilərin humanitar böhranla üzləşdiyini qeyd edib.

Bəs vasitəçi kimi çıxış edən sözügedən ölkələr və qurumlar bölgədə nə istəyir? Münaqişə ya sülh?

Mövzu ilə bağlı Bizim.Media-ya avropalı ekspertlər eksklüziv açıqlamalar verib.

Karleton Universitetinin (Kanada) Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun professoru Robert Katler qeyd edib ki, Borrelin açıqlaması heç də Avropa İttifaqının mövqeyini sərgiləmir. 



Danışıqlarda fəal iştirak edən İttifaq Prezidentinin isə Azərbaycan ərazi bütövlüyünə xələl gətirəcək heç bir açıqlaması olmadığını bildirən Katler, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasının bu il də mümkün ola bilməyəcəyini bildirib:

“Qərb və ya Avropa İttifaqı haqqında məsələləri ümumiləşdirmək həqiqətən düzgün olmazdı. Baxmayaraq ki, ABŞ-ın hərtərəfli qətnaməni müsbət inkişaf kimi qiymətləndirdiyini söyləmək ədalətli olar. Dövlət katibi Blinkenin şəxsi diqqəti buna əyani sübutdur. Aİ tərəfində isə yüksək səviyyəli danışıqları təşkil edən Şarl Mişel ilə fransızlara daha yaxın mövqe sərgiləyən Josef Borrel arasında ciddi mövqe fərqləri var. Onları eyniləşdirmək düzgün olmazdı. 

Sülhə gəlincə, əgər səylər yay boyu aktiv şəkildə davam edərsə, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması bəlkə də mümkün olar. Lakin mövqelərdə dəyişiklik olarsa, bu, mümkün olmayacaq”.

Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko isə bildirib ki, vasitəçi olan hər bir ölkənin öz məqsədi var ki, bu da fikir ayrılıqlarına səbəb olur:



“Vasitəçi ölkələrin mövqeləri öz aralarında ciddi şəkildə fərqlənir. Bunu Minsk Qrupuna üzv ölkələrin rəsmi mövqeyinin timsalında görmək olardı. O zamanlarda da, yalnız Türkiyə hər zaman Azərbaycanın tərəfində olub. Qalan ölkələr ya neytral mövqe tutdular, ya da bitərəf qaldılar. Nəhayət, ABŞ güclü erməni lobbisi sayəsində bu münaqişədə çox qeyri-sabit, təlatümlü mövqe tutdu. ABŞ-ın rəsmi rəyi istənilən vaxt hakimiyyətdə olan fraksiyadan asılı olaraq dəyişirdi.

Göründüyü kimi, münaqişədə vasitəçi olmuş Minsk Qrupu üzvlərinin fikirləri bəzən diametral şəkildə əks idi və onilliklər ərzində ciddi dəyişikliklərə məruz qalmayıb. Onlar sanki hansısa vasitəçi rolunu oynadıqları bu sonsuz münaqişədə “əbədi vasitəçilər”in mövqeyindən kifayət qədər razı idilər, lakin eyni zamanda, münaqişənin həllində irəliləyiş olmadı”.

Azərbaycan rəhbərliyinin uzun illər tək mübarizə apardığına diqqət çəkən analitik Azərbaycanın vasitəçilərin məram və məqsədlərini də düzgün analiz etdiyini bildirib: 

“Azərbaycan rəhbərliyi bu təhlükəni vaxtında anladı və 2010-cu ildən sonra Qarabağda erməni separatizminin güclənməsinə açıq şəkildə töhfə verən Minsk qrupunun fəaliyyətindən narazılığını artırmağa başladı. Lakin Minsk Qrupunun nümayəndələri açıq şəkildə Azərbaycanın rəyinə məhəl qoymadığından və Ermənistana heç bir təzyiq göstərmədiyindən, sonuncunun Ermənistan-Azərbaycan qarşıdurmasının güc yolu ilə həlli istiqamətində demək olar ki, açıq kurs tutmaqdan başqa yolu qalmayıb. 

Bu kurs Azərbaycan üçün 44 günlük qalibiyyətli müharibəyə gətirib çıxardı. Azərbaycan və Ermənistan bütün əsas məsələləri daha çox ABŞ və Aİ vasitəsilə həll etməyə başladı və Rusiyanın prosesdə rolu sürətlə azaldı. Vasitəçilərin bu cür mövqe dəyişməsi nəticəsində Azərbaycan və Ermənistan 35 ildə ilk dəfə olaraq sülh müqaviləsi imzalamağa və Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına yaxınlaşıblar”.

Qərblə Avropa İttifaqının vasitəçiliyində ziddiyətlərə toxunan Ruslan Şevçenkonun sözlərinə görə, federativ quruluşa malik ölkələr Azərbaycanın unitar dövlətdən federativ dövlətə çevrilməsində heç vaxt konkret problem görməyiblər: 

“Ona görə də Azərbaycanın ümummilli lideri Heydər Əliyev bunun Azərbaycanın ərazi bütövlüyünü təhdid etdiyini anlayaraq 1998-ci ildə Qarabağ separatçılarının danışıqlar prosesindən çıxarılmasını tələb etdi və buna nail oldu. Avropa və Amerika siyasətçilərinin başqa bir hissəsi problemə sırf iqtisadi maraqlardan baxaraq, özlərini o vaxtlar planlaşdırılan Qafqaz nəqliyyat dəhlizlərinə daxil etmək ümidi ilə çıxış edirdilər. 

Aİ-nin Qarabağ məsələsində mövqeyinin dəyişməsində Azərbaycan mühüm rol oynayıb. Silahlı qüvvələrini kökündən gücləndirən, əlverişli siyasi vəziyyətdən uğurla istifadə edərək, nəhayət, Qarabağın qaytarılması saatının yetişdiyini anlayan Azərbaycan Prezidenti bir daşla iki quş vurdu. 44 günlük müharibədə Ermənistanı məğlub edərək, o, Qərbə Azərbaycanın regionda əhəmiyyətli dərəcədə artan rolunu göstərməklə yanaşı, Aİ-ni Qarabağ problemi ilə bağlı mövqeyini tamamilə dəyişməyə məcbur etdi. 

Doğrudan da, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması indi həmişəkindən daha yaxındır. Bunu münaqişənin bütün tərəfləri, o cümlədən ziddiyyətlərə baxmayaraq vasitəçilər də başa düşür və buna görə də həm Aİ, həm ABŞ, həm də Rusiya Federasiyası danışıqların yekun mərhələsi üçün öz “platformalarını” təklif etməyə tələsir”.

Amerikalı analitik İrina Tsukerman da bildirib ki, Qərb və Avropa İttifaqı Azərbaycanın gücünü və gələcək layihələrini yaxşı anlayır. 



Qərbli və ya avropalı siyasilər Laçın yolunun açılması ilə bağlı açıqlamalar versələr də, heç vaxt Azərbaycana yolun açılması üçün təzyiq etməyəcəklər:

“İndiki situasiyanın ən böyük müəmması Rusiyanın müdaxiləsindən narahat olduğunu iddia edən Qərbin niyə Rusiyanın Cənubi Qafqaz siyasətini izləməsidir. Ermənilərin regionun inteqrasiyası istiqamətində hər hansı addım atmaqdan imtina etdiklərini nəzərə alsaq, daha güclü oyunçu olan Azərbaycan özünün və regionun maraqları naminə birtərəfli addımlar atacaq. 

Digər tərəfdən, ermənilərin addımları Qarabağa daşımalar üçün alternativ yolla bağlı Qərbin təzyiqini meydana çıxarmadı. Ona görə də onlar indi yeni yolun istifadə olunması reallığı ilə üzləşməlidirlər, halbuki daşıma işlərini birgə həll etmək olardı. Yenə də bu nöqtədə geri addım atmaq mümkün deyil. Qərb Laçın yolunun vəziyyətindən şikayətlənəcək, lakin yenidən açılması üçün heç bir addım atmayacaq, çünki qanuni alternativ var və erməniləri də bununla razılaşmağa məcbur edə bilməzlər. 

Bu vəziyyətdə ən yaxşı hərəkət heç bir şəkildə müdaxilə etməmək və nə qədər vaxt aparsa da, tərəflərin məsələni öz aralarında həll etməsinə icazə verməkdir. Əksinə, Qərb ritorikası birbaşa Rusiya təbliğatına bənzəyir ki, bu da Ermənistanın regionda qaydaları müəyyən edən yeganə legitim oyunçu kimi görünməsini istəyir. Baxmayaraq ki, İrəvanın mövqe nümayiş etdirmək üçün hərbi gücü yoxdur. Ermənistana Rusiyanın ssenarisini oynamağa imkan verməklə Qərb Moskvanı zəiflətmək üçün əlindən gələni etmək əvəzinə, regionda onun əlini fəal şəkildə gücləndirir. Lakin nə Rusiyanın, nə də Ermənistanın gələcək addımları diktə etmək rıçaqları yoxdur”.

Ermənistanın yenə də, hər zaman olduğu kimi zəif obrazı oynayaraq manipulyasıya cəhdlərinin bu dəfə ona uğur gətiməyəcəyini bildirən Tsukerman Qarabağla bağlı yekun söz sahibinin Azərbaycan olduğunu vurğulayıb:

“Ermənistanın manipulyasiya edərək özünü zəif göstərmək cəhdləri heç bir nəticə verməyəcək. Yenə də Qərb və Aİ də qismən Qarabağ məsələsindən təsir rıçaqı kimi istifadə edərək, Ermənistana piyada kimi baxaraq öz gündəmlərini müəyyənləşdirməyə çalışırlar. Onlar həmçinin Azərbaycanın lider gücə çevrilməsindən və öz gücünü BƏƏ kimi kiçik enerji ilə zəngin dövlətlərin etməyə başladığı kimi qlobal miqyasda nümayiş etdirməsindən narahatdırlar. 

Buna görə də, onlar erməni lobbisi ilə Qarabağda təbliğat kampaniyaları və birtərəfli missiyalarda hansısa yanlış humanitar şou deyil, Bakının beynəlxalq imkanlarını və suverenliyini öz maraqları qarşısında məhdudlaşdırmaq vasitəsi kimi tərəfdaşlıq etməyə hazırdırlar. Bununla belə, son nəticədə Azərbaycanın enerji və digər məsələlərdə böyük rıçaqları var və rəsmi Bakı haqlı tələblərini irəli sürmək üçün getdikcə aktuallaşan potensialından istifadə edə bilər.

Azərbaycanın iqtisadi uğurları nə qədər çox olarsa, yumşaq gücə və siyasi ittifaqlara bir o qədər çox sərmayə qoya bilər və Aİ Parlamentində, digər beynəlxalq qurumlarda Ermənistan və Rusiyanın səslərinə qarşı çıxa bilər. 

Ermənistan özünün xəyali narazılıqları üçün beynəlxalq dəstəyin olmadığını hiss edərsə, Rusiyanın boş vədlərindən asılılığını bitirmək üçün mahiyyət etibarı ilə inteqrasiya yolunu seçəcək. Ermənistana manipulyasiya etmək və müxtəlif fərqli gündəmlərə bağlanmaq üçün alternativ verilməməlidir”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO