Paşinyanın "Qarabağ Azərbaycandır" açıqlaması separatçıları əməlli başlı qorxuya salıb. Belə ki, bu açıqlama artıq İrəvanın Qarabağdan əlini üzməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gəlir.
Bunun nəticəsidir ki, son günlər separatçılar və “Qarabağ klanı”nın nümayəndələri, keçmiş prezident Serj Sarkisyan Paşinyan əleyhinə kampaniyaya başlayıblar. Onlar az qala Paşinyanı xəyanətdə ittiham edirlər. Hər halda, Paşinyanın yuxarıda qeyd edilən açıqlaması fonunda artıq Ermənistan Qarabağ separatçılarına maliyyə dəstəyi də göstərə bilməyəcək. Bu isə separatçıların imkanlarının daha da daralacağı anlamına gəlir.
Belə vəziyyətdə maraqlıdır, Ermənistandan da əli üzülən separatçılar varlıqlarını daha nə qədər qoruya biləcəklər?
Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirir ki, İrəvanın dəstəyindən əlləri üzülən separatçıların bu fonda qısa zaman kəsiyində öz çirkin niyyətlərindən əl çəkəcəklərini gözləməməliyik:
MÖVZU İLƏ BAĞLI:
Separatçılar arasında GƏRGİNLİK – Növbəti təxribat və antiterror əməliyyatı QAÇILMAZDIR
“Paşinyanın “Qarabağ Azərbaycandır” etirafı o deməkdir ki, Ermənistan artıq heç bir beynəlxalq təşkilat və ya dövlət qarşısında Qarabağla bağlı hər hansı bir məsələni müzakirə etməyəcək. Paşinyan bu etirafından sonra fəal işə keçərək, Qarabağın maliyyələşməsinə də son qoymalıdır. Lakin bu heç də avtomatik olaraq Qarabağ separatçılarının öz fəaliyyətlərini dayandırmaları anlamına gəlməyəcək”.
Ekspert qeyd edir ki, separatçıların İrəvandan ümidlərini üzməsi heç də təkbaşına qalmaları anlamına gəlmir. Onların arxasında dayanan və şirnikləndirən Rusiya, Fransa və İran kimi qüvvələr var:
“Separatçılar Ermənistandan kənarda olan və onları müdafiə edən qüvvələrlə ciddi əlaqələr qurmağa çalışacaq. Bu qüvvələr dedikdə Rusiya, Fransa və İran nəzərdə tutulur. Rusiya Qarabağla bağlı mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Çünki mövcud status-kvo onların regionda uzun müddətə qalmasına şərait yaradır.
Ona görə də İrəvandan əllərinin üzülməsilə separatçı tör-töküntülər Moskva ilə münasibətləri intensivləşdirməyə çalışacaqlar. Bütün hallarda əvvəl-axır Qarabağ erməniləri Azərbaycanın şərtlərini qəbul etməli olacaqlar”.
Rüfət Sultan, Bizim.Media