44 günlük Vətən müharibəsindən bizi 3 ilə yaxın vaxt ayırsa da Azərbaycan ordusunun şanlı zəfəri dünya dövlətləri tərəfindən hələ də öyrənilir, təqdir edilir. Təsadüfi deyil ki, məşhur “Forbes” jurnalı Azərbaycan ordusunun seçdiyi döyüş taktikasını geniş şəkildə təşviq və təhlil edib.
Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib.
Onlardan daha yeni T-72 tankları ermənilərin mövqelərinə birbaşa hücumları reallaşdırdı:
“Rusiya ordusunun uzun müddət anbarda saxladıqdan sonra Ukraynada cəbhə xəttində istifadəyə çevirmək üçün çıxardığı 70 yaşlı T-54 və T-55 tankları, ehtimal ki, Ukrayna ordusunun öz tankları ilə birbaşa döyüşdə tab gətirə bilməyəcək.
Rusiya ordusu qədim tanklardan tank kimi deyil, Azərbaycanın istifadə etdiyi kimi- artilleriya kimi istifadə edə bilərdi. T-55 tankdan iki dəfə uzaq, daha dəqiq, daha sürətli və daha uzun atəş aça bilən xüsusi haubitsa üçün zəif əvəzedicidir. Ukrayna müharibəsində və digər münaqişələrdə tanklardan artilleriya kimi istifadə edilməsinə dair çoxlu presedentlər var.
Ukrayna ordusu yerli istehsal olan T-64 tanklarının üç nəfərlik heyətlərində atəş üsulları tətbiq etməklə haubitsa çatışmazlığını kompensasiya edib. Rusiya ordusu da son vaxtlar, hətta ən yaxşı T-90-ları ilə də belə etdi”.
Bir sözlə, “Forbes” Rusiya ordusunun Ukrayna münaqişəsində gec də olsa Azərbaycan hərbçilərinin 44 günlük müharibədəki təcrübəsindən yararlana biləcəyindən ətraflı bəhs edib.
Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyevin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirib ki,Azərbaycan ordusunun 44 günlük müharibədə seçdiyi taktika təkcə Rusiya üçün yox, müasir hərb sistemi üçün bir örnəkdir:
“Çünki, Azərbaycan yeni nəsl modern ordu ilə vuruşdu. Ən əsası mövcud hərbi döyüş maşınlar üzərində yeni tətbiqlər həyata keçirildi. Bildiyimiz kimi post-sovet məkanındakı bütün dövlətlərdə T-55 tankalrı var. Amma ilk dəfə Azərbaycan ordusu bu tanklardan yeni təyinat üzrə istifadə etdi. Yəni 44 günlük müharibədə T-55 tankarından biz top kimi istifadə etdik. Baxmayaraq ki, T-72 tankalrı daha müasir və modern idi. Amma Azərbaycan ordusu köhnə tanklarda müasir tələblər səviyyəsində istifadə etməsi qələbəyə öz qatqısını verdi”.
Hərbi ekspert onu da əlavə edib ki, davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində T-55 tanklarından hər iki tərəf çox istifadə edir:
“Amma hər iki tərəfin əldə etdiyi uğur əmsalı Azərbaycanın qazancı ilə çox-çox azdır. Ümumiyyətlə 44 günlük müharibənin uğurlarından danışarkən “Forbes”in qeyd etmədiyi bəzi məqamları da unutmamalıyıq. Bunların da ən başlıcası Pilotsuz Döyüş Aparatlarından geniş şəkildə və mahircəsinə istifadə edilməsidir. Dünyanın hərbi ekspertləri təsadüfi deyil ki, 44 günlük müharibəni bəzən “ulduz müharibəsi” adlandırırlar. Bu da PUA-lardan Azərbaycan tərəfinin unikal şəkildə istifadə etməsidir. Həmçinin xüsusi təyinatlılarımızın döyüş yolu istənilən ölkə üçün öyrəniləsi materialdır. Bir sözlə, lokal şəraitdə qələbəni təmin etməyin ən uğurlu variantı Azərbaycan ordusunun nailiyyətləridir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:00 / 25.03.2023
“Forbes” Rusiyaya Azərbaycandan nümunə götürməyi tövsiyyə etdi - TƏFƏRRÜAT
Hazırda oxunan: “Forbes” Rusiyaya Azərbaycandan nümunə götürməyi tövsiyyə etdi - TƏFƏRRÜAT
Hazırda oxunan: “Forbes” Rusiyaya Azərbaycandan nümunə götürməyi tövsiyyə etdi - TƏFƏRRÜAT
127160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.