İran-İsrail ziddiyyətləri pik həddə çatmaq üzrədir. Nüvə silahı üçün 90%-lik zənginləşdirilmiş uran tələb olunursa İranda bu göstərici artıq 84%-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində yer alıb.
“İsrailin fikrincə, vəziyyət dəyişməsə 2023-cü ilin sonuna İranın 10 ədəd nüvə bombası hazırlamaq imkanı olacaq.
Hədələr balansı – qüvvələr disbalansı
Globalfirepower indeksinə görə İran dünya ölkələri içərisində qüdrətinə görə 17-ci, İsrail isə 18-ci yerdə qərarlaşır. İndeks bütün ölkələri kəmiyyət meyarı üzrə müqayisə edib, tərəflərin malik olduqları hərbi texnikanın keyfiyyətini, ordunun döyüş qabiliyyətini, siyasi rəhbərlik və sabitlik səviyyəsini, kəşfiyyat orqanlarının peşəkarlığını, müttəfiqlərin və nüvə silahının olmasını nəzərə almır. Kəmiyyət meyarı üzrə İran qismən üstün olsa da digər ölçülərdə İsrail İranı xeyli qabaqlayır. Bu hədələr balansı tərəflər arasında zəruri çəkindirmə amilini yaradıb, genişmiqyaslı/uzunmüddətli müharibənin qarşısını alır. İranın nüvə silahı əldə etməsi isə bu kövrək tarazlığı pozub, müharibə ehtimalını artırır.
Nüvə təhlükəsi
Nobel mükafatçısı T.Şellinq Soyuq müharibə zamanı nüvə müharibəsinin qaçılmazlığını bu formada izah edirdi:
- Biz müharibə istəmirik, müharibəni ruslar da istəmir
- Biz bilirik ki, ruslar müharibə istəmir, ruslar da bilir ki, biz müharibə istəmirik
- Amma ola bilsin ki, ruslar bilmir ki, biz onların müharibə istəmədiklərini bilirik
- Ona görə də onlar elə hesab edə bilərlər ki, biz müharibə edə bilərik
- Bunu düşünüb, onlar birinci olmağı qərarlaşdıra bilərlər;
- Buna görə də sağ qalmağın yeganə yolu Sovetlərə birinci zərbə endirməkdir.
Nüvə müharibəsinin niyə baş verməməsi ayrı bir tədqiqat mövzusu olsa da, Şellinqin alqoritmində məntiqi/riyazi xəta yoxdur. Bu o deməkdir ki, alqoritmi İran-İsrail nümunəsində yenidən nəzərdən keçirtmək olar: İranın nüvə silahı əldə etməsi → genişmiqyaslı müharibəyə → tərəflərin (hətta istəmədikləri şəraitdə belə) qarşılıqlı nüvə zərbələri endirməsinə səbəb ola bilər.
ABŞ-İsrail ittifaqı
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini K.Kala görə 2018-ci ildə İrana bir nüvə bombası hazırlamaq üçün minimum 12 ay vaxt lazım idi. İndi bu göstərici 12 günə qədər azalmışdır. ABŞ-ın Konqres Araşdırmalar Mərkəzinin 2020-ci il hesabatına əsasən, ABŞ-ın İranın 9 qonşu ölkəsində (Türkiyədə 2,5 min, Suriyada 800 nəfər, İraqda 5 min, Küveytdə 13 min, Səudiyyə Ərəbistanında 3 min, Bəhreində 7 min, Qətərdə 10 min, BƏƏ-də 5 min, Omanda 100 nəfər) hərbi bazaları vardır. Bu yaxınlarda ABŞ və İsrail hərbi dəniz qüvvələri birgə miqyaslı hərbi təlimlər keçirmişlər. Ardınca isə İsrailə ABŞ-ın müdafiə naziri L.Ostin və baş qərargah rəisi M.Milley səfər etmişlər.
Geosiyasi fəsadlar
6 martda SEPAH Mossad-ın guya İran ətrafında (Azərbaycan, İraq, BƏƏ) yaratdığı bazalara ballistik raket zərbələri endirəcəyini əks etdirən video paylaşdı. İttihamlar əsassız olsa da, İranın hədəf aldığı bütün ölkələr enerji ixrac edən dövlətlərdir. İranın bu ölkələrə zərbə endirməsi enerji resurslarının qiymətini kəskin artıra bilər. Enerji resurslarına qiymətlərin kəskin artması Qərbdə inflyasiya göstəricilərini yüksəldib, ölkələri iqtisadi böhrana düçar edəcək. Bu Ukraynaya edilən yardımların həcm və intensivliyinə mənfi təsir göstərib, Rusiyaya qarşı tədbiq edilən sanksiyaların effektivliyini aşağı salacaq. Xatırladaq ki, 2022-ci ilin əvvəllərində Rusiya yüksək neft-qaz qiymətləri sayəsində sanskiayların mənfi təsirini xeyli məhdudlaşdıra bilmişdi. Müharibənin ilk aylarında isə Rusiyanın 2022-ci ili $205 mlrd. (Goldman Sachs), $200-240 mlrd. (İİF), $321 mlrd. (Bloomberg) profisitlə yekunlaşdıracağına dair proqnozlar da var idi.
Nəticə
İsrailin baş naziri B.Netanyahu İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün əlindən gələni edəcəyini bildirir. İsrail bu məsələdə ABŞ-ın güclü dəstəyinə ümid etsə də, İrana qarşı müharibənin geosiyasi/iqtisadi fəsadları Vaşinqtonu ehtiyatlı olmağa vadar edir. Bununla belə hadisələrin inkişafı + İsrailin İraq (1981) və Suriyadakı (2007) davranışı dinamikanın kəskin eskalasiyaya doğru hərəkət etdiyindən xəbər verir”, deyə Mərkəz qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:10 / 09.03.2023
İran-İsrail qarşıdurması - Hədələr balansı
Hazırda oxunan: İran-İsrail qarşıdurması - Hədələr balansı
Hazırda oxunan: İran-İsrail qarşıdurması - Hədələr balansı
124570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.