“Amerika birinci başlasa...” – Zərdüşt Əlizadədən nüvə silahından istifadə ilə bağlı PROQNOZ

“Amerika birinci başlasa...” – Zərdüşt Əlizadədən nüvə silahından istifadə ilə bağlı PROQNOZ

Hazırda oxunan: “Amerika birinci başlasa...” – Zərdüşt Əlizadədən nüvə silahından istifadə ilə bağlı PROQNOZ

121937

Son iki gündə dünya siyasi gündəminin əsas müzakirə mövzusu Rusiya Prezidenti Vladimir Putinlə onun amerikalı həmkarı Co Baydenin qarşılıqlı bəyanatlarıdır. Belə ki, Bayden Varşavada jurnalistlər qarşısında, Putin isə Federal Məclisdə çıxışında dünyanı maraqlandıran bir sıra məsələlərdən bəhs ediblər.

Xüsusilə də, Ukrayna mövzusunda səsləndirilən fikirlər diqqət çəkib. Putin Ukraynada müharibənin başlamasında Qərbi günahlandıraraq, Ukrayna hakimiyyətinin Qərbin girovuna çevrildiyini qeyd edib. Rusiya lideri faktiki olaraq, müharibəni davam etdirməkdə qərarlı olduğunu nümayiş etdirib. 

Putinin açıqlamalarında diqqət çəkən bir digər məqam isə, Rusiyanın START-da (Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi) iştirakını dayandırdığını elan edib. Rusiya Federal Məclisi Prezidentin sözügedən qərarla bağlı müraciətini fevralın 22-də təsdiq edib.

Co Bayden isə Ukraynaya yardımı dayanadırmayacaqlarını elan edərək, sona qədər Kiyevin yanında olacaqlarını vurğulayıb.

Bəs, bu açıqlamalar fonunda Ukraynanı və dünyanı nə gözləyir?

Bizim.Media-ya mövzu ilə bağlı şərh verən politoloq Zərdüşt Əlizadə Ukraynada müharibənin davam edəcəyini bildirib:

“Baydenin vəd etdiyi kimi, ola bilsin ki, Ukraynaya hərbi yardımların həcmi artırılsın. Nə qədər çox silah-sursat verilərsə, Ukrayna ordusu bir o qədər sürətlə Rusiyanı öz suveren ərazilərindən sıxışdırıb çıxara bilər”.

Siyasi şərhçi Rusiyanın START-da iştirakını dayandırması məsələsinə də münasibət bildirib:

“Nüvə silahının tətbiqi, sınağı məsələsində açıqlamalar, təbii ki, siyasi alver predmetidir. Tərəflər bu yolla bir-birilərini hədələyirlər. Heç kəs əməli olaraq atmosferdə nüvə silahından istifadə ilə bağlı müqavilədən çıxmayacaq. Elə Putin də qeyd etdi ki, “Amerika birinci başlamasa, biz də başlamayacağıq”. Amerika isə buna getməyəcək. 

Həm də Putin ölkəsinin müqavilədən çıxdığını deyil, iştirakını dayandırdığını dedi. Bu hədə-qorxudur. Heç kim o sözlərdən çəkinib, geri addım atmayacaq. Qərb Rusiyaya qarşı iqtisadi cəza tədbirlərinə, sanksiyalara davam edəcək, Ukraynaya silah verəcək. İndi hər şey asılıdır, Valeri Zalujnıyin (Ukrayna Silahlı Qüvvələrinin komandanı) ordusundan. Əgər Ukrayna ordusu kifayət qədər silah alarsa, onlar döyüş meydanında qələbə qazanmağa qadirdilər”.  

Zərdüşt Əlizadə Rusiyadaxili böhran ssenarisinin reallaşması ehtimallarını da dəyərləndirib:

“Rusiya əhalisi hakimiyyətə qarşı etirazlara başlamayacaq. Rusiya əhalisinin özünüqoruma instinkti, vətəndaş ləyaqəti və azadlığı sıfır dərəcəsindədir. Putinin hakimiyyətdə olduğu 23 il ərzində, müxalifət sıradan çıxarılıb. Müharibəyə etiraz edən yüzlərlə fəal həbs olunub, yüzminlərlə insan ölkədən qaçıb. Belə bir şəraitdə rus xalqı etiraz etməyə nə adam, nə də güc tapacaq”.

Müsahibimiz Kremldaxili çevriliş ehtimalının özünün doğrultamasının da qeyri-müəyyən olduğunu vurğulayıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO