Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ qurbanları üçün topladığı humanitar yardımı daşıyan və 800 kilometr yolu qət edən 25 vaqondan ibarət olan qatar 3 günlük səfərdən sonra Qars stansiyasına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “posta.com.tr” saytı yayıb.
Qatarı vali Türker Öksüz, Azərbaycanın Qars baş konsulu Nuri Quliyev və digər şəxslər qarşılayıblar. Türkiyə və Azərbaycan bayraqları ilə əhatə olunmuş stansiya binasında AFAD üzvləri də olub.
Qars valisi Türker Öksüz Azərbaycan dövlətinə, prezidentinə və xalqına təşəkkür edib:
“Bu zəlzələnin yaralarını sarımaq üçün ölkəmizə beynəlxalq yardımlar da gəlir. Həm axtarış-xilasetmə fəaliyyətləri, həm də digər yardımlar üçün göndərən ölkələr var. Biz bütün ölkələrə minnətdarlığımızı bildiririk. Bu gün Azərbaycandan gələn qatarda zəlzələ bölgəsində vətəndaşlarımıza çatdırılması üçün müxtəlif materiallar, xüsusilə ərzaq və geyim var. Azərbaycanla iki dövlət, bir millət anlayışı çərçivəsində qardaşlıq qanununa əsaslanan mövqeyimiz var. Biz çox yaxşı bilirik ki, azərbaycanlı qardaşlarımız bu ağrını ürəklərində hiss edirlər. Azərbaycanlı qardaşlarımıza minnətdarıq. Bu çətin zamanda bizimlə olduğunuz üçün təşəkkür edirik”.
Qars stansiyasında bir müddət fasilə verən qatar daha sonra Kayseriyə hərəkət edib. Vali Öksüz və digər şəxslər tərəfindən yola salınan qatarın daşıdığı yardım Kayseridən zəlzələdən zərər çəkmiş vilayətlərə göndəriləcək.
Bizim.Media