Xəbər verdiyimiz kimi, dekabrın 6-da Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun növbəti görüşü baş tutub. Sayca 11-ci görüşdən də ciddi nəticə hasil olmayıb.
Bəs, ümumilikdə, görüşlərdə real nəticələrin əldə oluna bilməməsində başlıca səbəb nədir?
Sualı Bizim.Media üçün cavablandıran politoloq Qabil Hüseynli qeyd edib ki, problemin əsas baiskarı Rusiya faktorudur:
“Ruslar hər zaman “dovşana qaç, tazıya tut” deməyə öyrəşiblər. Onlar üzdə bir, arxada başqa cür davranırlar. Sözügedən işçi qrupu da faktiki olaraq Rusiyanın nəzarətindədir. Moskva isə Ermənistanın mövqeyində kompromisə getmək istəmədiyi üçün müzakirələrdə real nəticə qazanmaq mümkün olmur. Zənnimcə, Ermənistanı ürəkləndirən, yeri gəldikdə prosesə destruktiv elementlər aşılayan Rusiya olduğu üçün sülh danışıqlarında irəli addım atmaq çətinləşir”.
Politoloq Azərbaycan-Ermənistan danışıqlarında ən ideal vasitəçinin adını da açıqlayıb:
“Düşünürəm ki, Gürcüstanın vasitəçiliyi ən ideal variant olardı. Super dövlətlər işə qarışdıqda proses çətinləşir. Ona görə ki, həmin güclər hər zaman özlərinin geosiyasi maraqlarını hər şeydən ön plana qoyaraq, danışıqlar prosesinə faktiki olaraq əngəl törədirlər.
Doğrudur, Avropa İttifaqı vasitəsilə aparılan danışıqlar hələlik hər hansı fəsadla yadda qalmayıb. Yalnız Fransa prezidenti Makronun prosesə daxil olmasını istisna edərsək, Brüsselin moderatorluğunda pozitiv məqamlar az deyildi.
Ümumilikdə isə, əsas məsələ hal-hazırda danışıqlar prosesində Rusiyanın neytrallaşdırılmasıdır. Düşünürəm ki, Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarına maneə törədən əsas faktor da Kremldir. Rusiya Cənubi Qafqazı özünün “arxa bağça”sı hesab edir.
Bununla da regionu özünün təsir dairəsində saxlamağa çalışır”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:50 / 07.12.2022
“Rusiya Azərbaycan-Ermənistan dialoquna maneə törədir” – İdeal vasitəçi kim ola bilər?
Hazırda oxunan: “Rusiya Azərbaycan-Ermənistan dialoquna maneə törədir” – İdeal vasitəçi kim ola bilər?
Hazırda oxunan: “Rusiya Azərbaycan-Ermənistan dialoquna maneə törədir” – İdeal vasitəçi kim ola bilər?
108353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.