Adları Azərbaycan dilinə tərcümə olunmayan mallar geri qaytarılır – RƏSMİ  

Adları Azərbaycan dilinə tərcümə olunmayan mallar geri qaytarılır – RƏSMİ  

Hazırda oxunan: Adları Azərbaycan dilinə tərcümə olunmayan mallar geri qaytarılır – RƏSMİ  

97566

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində dünyanın müxtəlif dövlətlərindən ölkəmizə idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatları və adların idxalçı şirkətlər tərəfindən Azərbaycan dilinə tərcüməsinin təmin edilməsi ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb.  

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-nın məlumatında bildirilir.  

Bildirilir ki, bu halların baş verməməsi üçün ardıcıl tədbirlər həyata keçirilib. 

Cari il ərzində qida məhsullarının idxalı ilə məşğul olan subyektlərlə çoxsaylı görüşlər keçirilib, qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.  

Bu cür nöqsanlara təkrar yol verən idxalçı şirkətlərə xəbərdarlıqlar olunub və yol verdikləri pozuntularla əlaqədar barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülüb. 
Bundan əlavə, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxalçı subyektlərin şəxsi kabinetlərinə hər idxal üçün müraciət edərkən qida məhsullarının etiketlənməsi ilə bağlı tələblərə dair bildirişlər göndərilib.  

Eyni zamanda qanunvericiliyə əsasən, dövlət dilində markalanması olmayan malların satışının qarşısının alınması və daimi nəzarətdə saxlanılması üçün iri ticarət şəbəkələrinə rəsmi xəbərdarlıq məktubları ünvanlanıb. 

Həyata keçirilən maarifləndirici tədbirlərə, xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlbetmə ilə bağlı görülən işlərə baxmayaraq, təəssüf ki, nəzarət tədbirləri zamanı hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunub. 

Bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur. Həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. 

Odur ki, AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları sözügedən qanunların tələblərinə ciddi şəkildə riayət etməyə çağırır.  
Qurum bildirir ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO