Dilimizdə gender ayrı-seçkiliyi yaradan sözlər: müəllim, yoxsa müəllimə? – Elmi İZAH

Dilimizdə gender ayrı-seçkiliyi yaradan sözlər: müəllim, yoxsa müəllimə? – Elmi İZAH

Hazırda oxunan: Dilimizdə gender ayrı-seçkiliyi yaradan sözlər: müəllim, yoxsa müəllimə? – Elmi İZAH

97142

Ana dilimizdə bir çox sözlər, kəlimələr var ki, hər zaman mübahisə və müzakirə mövzusuna çevrilir. Sözügedən hallardan biri də “müəllim” sözü ilə əlaqəlidir. Peşəsi müəllim olan qadınlara “müəllimə” deyilməsini bəziləri doğru, bəziləri isə əksinə yanlış hesab edir. Hətta əksəriyyətimiz müəllim sözünü istifadə edərkən onu müraciət formasında işlətməkdə çətinlik duyur, bir sözlə tərəddüd içərisində qalırıq.

Müəllim, yoxsa müəllimə? Hansı doğrudur?

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk ilə mövzuya aydınlıq gətirməyə çalışdıq.

Onun sözlərinə görə, Azərbaycan dilində qrammatik cins kateqoriyası olmadığı üçün qrammatik kateqoriyalar adı altında yalnız ismin kəmiyyət, mənsubiyyət, hal və xəbərlik şəkilçilərindən bəhs olunur:
 

MÖVZU İLƏ BAĞLI:

“Sözü bilmirik necə yazaq” - Azərbaycan dilini kim bu günə qoyub?


“Dilimizdə cins bildirən sözlərin bir qismi ərəb mənşəli alınmalardır. Bu dildə 2 cür cins anlayışı var: həqiqi cins (bioloji cins); məcazi cins (qrammatik cins). Həqiqi cins dedikdə Allahın insan və heyvanları fitrətən erkək və yaxud dişi olaraq yaratması başa düşülür. Kişi cinsi “müzəkkər”, qadın cinsi isə “müənnəs” adlanır. ُMəcazi, yəni qrammatik cins isə insan və heyvanları deyil, əşya və cisimləri bildirən isimlərə aid edilir.

Müəllimə, şairə, katibə, mərhumə kimi sözlər ərəb dilində həqiqi, yəni bioloji cinsə aiddir.

Dilimizdə isə həmin cins fərqi leksik vahidlərlə ifadə olunur. Belə sözlər vaxtilə dilimizə bütöv şəkildə, yəni şəkilçi ilə birlikdə keçib. Buna baxmayaraq, həmin alınmalar kök və şəkilçiyə asanlıqla parçalandığından sadə deyil, düzəltmə söz kimi dərk olunur.

Fikrimcə, cins anlayışı ilə bağlı anlaşılmazlıq elə bu düşüncədən qaynaqlanır. Ona görə də cinsi bildirmək üçün dilimizdə süni yolla adlar yaradılmışdır. Nədənsə belə sözlər milli ad yaradıcılığı kimi təqdim olunur. Məsələn,  Asifə, İlqarə, Çinarə, Rövşanə, Fiqurə, Xəyalə, Gülnarə və s.
Hətta “sürücü” sözünün qarşılığı kimi vətəndaşlıq qazanmayan “süranə” variantının da meydana çıxması həmin analogiya ilə bağlıdır. “Xadim” (xidmətçi) sözündən “xadimə” (xidmətçi qadın) sözü yaransa da, semantika fərqlidir. “Xadim” dedikdə  ictimai xidmətləri olan şəxs başa düşülür. Bu baxımdan nitqdə “xadiməçi” variantının  müşahidə edilməsi təsadüfi deyildir.

Morfonoloji səviyyədə dilə müdaxilə çox təhlükəlidir, qrammatik sistemi zədələyir”,- deyə qeyd edən Ş.Göytürk bildirib ki,  Azərbaycan dilinin izahlı lüğəti Sovet dövründə tərtib edildiyi üçün çağdaş tələblərə tam cavab vermir. Ona görə də istifadəçilər daha çox yeni orfoqrafiya lüğətinə istinad edirlər.

Lakin dil daşıyıcıları bəzi hallarda çətinliklə üzləşirlər. Məsələn, lüğətdə həm müəllim, həm də müəllimə sözü verilib. Belə olduqda dil daşıyıcıları orfoqrafiya lüğətinə istinad etməlidir, yoxsa dilimizdə cins kateqoriyasının olmamasını əsas götürərək qadınlara da “müəllim” deməlidirlər?
“Əvvəlki nəşrlərdəki şairə, müdirə, talibə kimi sözlərin yeni orfoqrafiya lüğətindən çıxarılması doğru qərardır. Talibə - tələbə qız, müdirə- qadın müdir, şairə isə qadın şair deməkdir.

Tələbə, şair, müdir sözləri uğurla işləndiyi halda, talibə, müdirə, şairə kimi cins bildirən sözlərə ehtiyac yoxdur. Statistikadan aydın olur ki,  dilimiz peşə adlarına artırılan “ə” şəkilçili belə sözlərdən tədricən təmizlənir.

Məlumdur ki, dilimizdə bu və ya digər sənət, peşə sahiblərini cinsə görə fərqləndirmək məqsədilə kişi və qadın sözlərindən də istifadə edilir.  Bu xüsusda cinsin sintaktik üsulla ifadəsi daha çox şifahi nitqdə müşahidə edilir.
Məsələn: qadın həkim, kişi həkim, qadın müəllim, kişi müəllim və s. Orfoqrafiya lüğətindən “şairə” sözü çıxarılıbsa, deməli, “müəllimə” sözü də çıxarılmalı idi. Lakin sonuncu nəşrdə nədənsə hər iki variant (müəllim//müəllimə) saxlanılıb”.

Dilçi həmçinin qeyd edib ki, milli təfəkkürümüzdə gender ayrı-seçkiliyi olmadığına görə peşə adlarına artırılan “ə” şəkilçisinə ehtiyac yoxdur, çünki  belə sözlər nitqdə anlaşılmazlıq yaratmır. Dilimizdə “Əməkdar müəllimə”, “Xalq şairəsi” fəxri adları və ya belə söz birləşmələri yoxdur.

Buna görə də cins kateqoriyasından danışarkən bu məqamlar da nəzərə alınmalıdır.

“Beləliklə, Azərbaycan dilində qrammatik cins kateqoriyasının olmadığını və “ə” şəkilçisinin bu kateqoriyadan olan sözlərə (həkim, alim, rəssam, mühasib və s.) artırıla bilməməsini, eləcə də milli təfəkkürümüzdə gender ayrı-seçkiliyinin olmamasını nəzərə alaraq peşə adlarına artırılan şəkilçidən imtina olunmasını məqsədəuyğun sayırıq”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO