Qaradağın ilk ŞƏHİDİNİN ildönümüdür – “Tədbirdə “şəhid” obrazı oynadı, illər sonra şəhid oldu...” - VİDEO

Qaradağın ilk ŞƏHİDİNİN ildönümüdür – “Tədbirdə “şəhid” obrazı oynadı, illər sonra şəhid oldu...” - VİDEO

Hazırda oxunan: Qaradağın ilk ŞƏHİDİNİN ildönümüdür – “Tədbirdə “şəhid” obrazı oynadı, illər sonra şəhid oldu...” - VİDEO

96308

Vətən müharibəsinin Qaradağ rayonundan olan ilk şəhidi Ağabəy Zaur oğlu Məmmədquliyevin şəhid olduğu gündən 2 il keçir. 

“Oğlumun 19 illik qısa ömrünün böyük xatirələri var” deyir İlahə ana...

Ağabəy Məmmədquliyev 15 iyun 2001-ci ildə Qaradağ rayonu Korgöz qəsəbəsində anadan olub. Elə həmin qəsəbədə 197 nömrəli tam orta məktəbi bitirib.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yola salınıb. Xidmətini müharibəyə qədərki son günlərə qədər Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

İlahə Məmmədquliyevanın sözlərinə görə oğlu hərbi xidmətdə olanda atasından tək istəyi məni görmək olub:

“Sanki son görüşümüz olacağı ürəyinə dammışdı. Atası onun sözlərini yerə salmayıb bizi sentyabrın 20-si Mingəçevirdə yerləşən hərbi hissəyə apardı. Oğlumla son dəfə orada görüşdük. Onsuz keçirdiyim günlərin əzabını sözlə ifadə etmək çox çətindir. Bu iki ildə başımda bir dənə də olsun qara tük qalmadı. Bala dərdi nə yaman imiş...Ağabəyimdən doymadım, qayğısını çəkmədim, toyunu görmədim. Nə qədər arzuları yarım qaldı.. Bir təsəllim var, oğlum şəhiddir və onunla fəxr edirəm. Döyüş meydanında da qəhrəmanlığı ilə seçilib. Komandiri onu irəli qoymurmuş, amma o, özünü irəli atıb. Deyirmiş ki, komandir getsin, mən qalım? Elə şey olmaz! ”.  

Ana oğlunun məktəbdəki tədbirlərdən birində “şəhid” obrazını canlandırdığını da qeyd edib. O, deyib ki, təsadüfən bu rola oğlunu seçiblər. O, çox ürəklə ifa edib. 
 

“2015-ci ildə 197 nömrəli məktəbdə keçirilən tədbirlərdən birində “şəhid” rolunu oynayıb. Evə gəlib deyəndə, qəribə hiss keçirdim və soruşdum ki, “səndən başqa bu rolu ifa edən yox idi?” “Nə olsun, təki şəhid olum”dedi. Demək ki, qisməti imiş...Arzusu hərbi xidməti başa vurandan sonra evlənmək idi”.


Ağabəy Məmmədquliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Alçina Amilqızı, Bizim.Media 
 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO