Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) radiotezliklərdən istifadə tariflərini yeni yanaşma və metodika əsasında müəyyən edəcək.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 1834 nömrəli Fərmanı ilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, 277 nömrəli Fərmanında dəyişiklik edilib.
Yeni Fərmana əsasən, radiotezliklərdən istifadə tariflərinin müəyyən edilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
İndiyədək radiotezliklərdən istifadə üzrə ödənişlər Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının 09 saylı protokolu ilə təsdiq edilmiş tariflər əsasında həyata keçirilirdi.
Həmin tariflərdə radiotezlik spektrinin əhəmiyyətliliyi, tezlik sayı, istifadə olunan zolağın həcmi, coğrafi ərazi və digər amillərin nəzərə alınmaması radiotezliklərdən istifadənin iqtisadi alətlər vasitəsilə tənzimlənməsində və radiotezliklərdən səmərəli istifadədə bir sıra çətinliklər yaradırdı.
Həmçinin tariflərin qəbulundan ötən 18 il müddətində sürətlə inkişaf edən texnoloji trendlərin nəzərə alınmaması da özlüyündə radiotezlik tariflərinin tətbiqində ciddi problemlərə və məhkəmə çəkişmələrinə yol açırdı.
Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının icrasının təmin edilməsi, radiotezliklərlə bağlı mövcud tariflərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası” hazırlanıb, müvafiq qurumlarla razılaşdırılaraq RİNN-in Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, k-10/22 nömrəli qərarı ilə təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınıb.
Metodika radiotezliklərdən istifadəyə görə ödənişlərin hesablanması ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələri, eləcə də bir sıra ölkələrin təcrübələri əsasında hazırlanıb.
Yeni Tarif Metodikası ayrılmış radiotezlik zolaqlarına köklənmiş radioelektron vasitələrin istifadə olunduğu texnologiyanı, radiotezlik zolaqlarının əhəmiyyətlilik dərəcəsini, radiotezlik nominalının sayını və zolağının genişliyini, ayrılmış radiotezliyin istifadə olunduğu coğrafi ərazini nəzərə almaqla, habelə radiorabitənin əhatə zonasını səciyyələndirən kəmiyyət və əmsallara, o cümlədən sabit dəyər əmsalına əsasən birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanmasını nəzərdə tutur.
Mövcud tariflərdə radiotezlik zolağının həcmi (genişliyi) deyil, həmin tezlikdə istifadə olunan radioelektron vasitələrin (REV) sayı əsas götürülürdü.
Buna görə də bəzi hallarda istifadəçilər quraşdırılmış REV-lərin sayını gizlətməklə az ödəniş etməkdə, REV-ləri icazəsiz istifadə etməklə ödənişdən yayınmaqda maraqlı olurdular.
Yeni Metodikada isə radiotezlik zolağının həcmi (genişliyi) əsas götürülür və bununla da qeyd olunan problem öz həllini tapmış olur. Tezlik istifadəçilərinin ödəyəcəkləri tezlik haqlarını öncədən şəffaf formada hesablaya bilmələri üçün tarif kalkulyatoru da hazırlanıb.
Yeni Metodikada coğrafi zona əmsalı da tətbiq olunur ki, bu da regionlarda simsiz radio xidmətlərin inkişafına və texnologiyanın tətbiqi üzrə rəqəmsal uçurumun aradan qaldırılmasına təkan verəcək.
Belə ki, istifadəçilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə müqayisədə bölgələrdə 25%, işğaldan azad olunmuş ərazilərdə isə 2,6 dəfə aşağı tariflə radiotezliklərdən faydalana biləcəklər.
Ölkə Prezidentinin Fərmanına əsasən RİNN-in radiotezliklərdən istifadə üzrə Yeni Tarif Metodikası bu sahədə yeni texnologiyaların tətbiqini təşviq edir, radiotezliklərdən effektiv istifadəni stimullaşdırmağı, xidmət səviyyəsinin yüksəldilməsini, radiotezliklərə olan tələbatın ədalətlilik və müştəri məmnunluğu prinsiplərinə uyğun tənzimlənməsini nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 28.09.2022
Radiotezliklərdən istifadə tarifləri yeni qaydalarla müəyyən ediləcək
Hazırda oxunan: Radiotezliklərdən istifadə tarifləri yeni qaydalarla müəyyən ediləcək
Hazırda oxunan: Radiotezliklərdən istifadə tarifləri yeni qaydalarla müəyyən ediləcək
96248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.