Tələbə yataqxanasında qalan deputatdan ÇAĞIRIŞ: “Orada tələbə həyatını görərək...” 

Tələbə yataqxanasında qalan deputatdan ÇAĞIRIŞ: “Orada tələbə həyatını görərək...” 

Hazırda oxunan: Tələbə yataqxanasında qalan deputatdan ÇAĞIRIŞ: “Orada tələbə həyatını görərək...” 

95460

İşıqlı otaqlar, səliqəli yatacaq, güclü internet, kitab ilə təmin olunmuş oxu zalları...
Bəli, cümlələri ilk oxuyanda hər kəsin gözünün önündə böyük, müasir tipli təmir olunmuş tələbə yataqxanası canlanır. Lakin ölkəmizdəki tələbə yataqxanalarına nəzər salsaq, sözün həqiqi mənasında məsələ elə xəyal olaraq qalmaqdadır. 

“Böyük oğlum bu il Bakıda universitetə qəbul olub. Amma dolanışığımız zəif olduğundan onu kirayə evə yerləşdirə bilmirəm, qohum evində də nə qədər qalsın axı?”

Bu sözləri övladı tələbə adını qazanmış Yardımlı rayon sakini Şahruz Orucov bildirir. Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, övladı təhsilindən də imtina edə bilər. Nəzərinizə çatdıraq ki, bu il 2 mindən çox abituriyent qəbul olduğu universitetlərdən imtina edib. Elə əksəriyyətinin də əsas səbəbi qalmaq üçün yer tapa bilməmələridir. Bu problem hər il təkrarlanır, minlərlə gəncimiz təhsil arzusunu ürəyinə boğur və... Arxasını yaxşı bilirsiniz, intiharlar, cinayətlər və aqresiya...

Xarici ölkələrdə tələbə yataqxanaları ilə bağlı təcrübələr...

Çox uzağa getməyək, bu mövzu ilə bağlı qardaş ölkə - Türkiyənin tələbələrə yaşayış yerləri, yataqxanalarla bağlı təminat işlərinə, təcrübələrinə göz ata bilərik. Həmçinin xarici ölkələrdə tələbə yataqxanları, apart tələbə evləri var ki burada hər bir otağın mətbəxi, yataq guşəsi, 24 saat isti-soyuq su ilə təmin olunmuş vanna otağı və digər lazımi avadanlıqlar var. Baxın, nə gözəl ənənə. Bu kampus və tələbə evlərində gənclərin estetikası, vətənpərvərliyi də tərbiyə olunur...

Bəs bizdə niyə bu təcrübədən istifadə olunmur?

Milli Məclisin deputatı Razi Nurullayev mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Deputatın fikrincə, sözügedən problem strateji əhəmiyyət daşıyır və tələbə üçün yataqxana mütləq ki, lazımdır:

“Mən tələbə olan zaman yataqxanada qalmışam, çünki kirayə ev tutmağa heç bir imkanım yox idi. Və mənim kimi yüzlərlə, minlərlə tələbə var idi ki, yataqxana bizim üçün çox sərfəli qısa desək, pənah yeri idi. Amma o gündən bu günə demək olar ki, heç nə dəyişməyib hətta yataqxana problemi daha da ağırlaşıb. Hazırda kirayə evlərin qiyməti çox bahadır və dolanışıq çətinləşib. Həmçinin ötən illərlə müqayisədə indi də iş tapmaq heç də asan deyil. Əslində bu məsələ hökümətin gündəliyində olub və zaman-zaman da danışılır ki, tələbə yataqxanaları tikilməli və tələbələr onlarla təmin edilməlidir. Amma heç cür bu məsələ həllini tapa bilmədi.
 

Hətta Bakı Dövlət Universitetinin yataqxanaları söküldü amma yeri hələ də boşdur, heç nə tikilməyib. Çünki onların tikilməsi üçün də kifayət qədər büdcə vəsaiti lazımdır. Bu gərək ayrılsın ki, yataqxanalar da tikilsin universitetlərin özlərinin isə belə görünür ki, yataqxanları öz hesablarına tikmək üçün maliyyə imkanlarına malik deyil”.


R.Nurullayevin sözlərinə görə, bunun çıxış yollarından biri kimi bir zamanlar Dövlət-Özəl Sektor Tərəfdaşlığı məsələsi gündəmə gəlmişdi, lakin:

“Yəni müxtəlif dünya bankları, kredit, biznes təşkilatları ilə əməkdaşlıq çərçivəsində bu kimi məsələlər həllini tapa bilər. Deyək ki, onlar universitet yataqxanaları tikir və bununla həm pul qazanır, həm də tələbələrin ehtiyacı ödənilir. Bunun dünyada həll mexanizmi bu istiqamətdə aparılır və Avrasiya İnkişaf Bankı ilə də müəyyən bir razılığa da gəlinmişdi. Lakin hələ də bu məsələyə çözüm yolu tapılmır. Digər bir məsələ ilə universitetlərin Bakıdan kənara çıxarılması idi. Bu məsələ də hələ öz əksini tapa bilmir.
 

Tələbə yataqxanalarının olmaması həm də Azərbaycan universitetlərinin beynəlxalq reytinqini və təbələrin təhsil alma əmsalını aşağı endirir. Tələbə yataqxanaları həm də təhsil mühitinin formalaşmasına imkan yaradır. Orada tələbə həyatını görərək, ab-havasında böyüyür və daha da elmə həvəslənirlər”, - deyən Millət vəkili tez zamanda tələbə yataqxanaları ilə bağlı problemin həll olumasının vacibliyini qeyd edib.


Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin 53 yataqxanası olsa da, onlardan yalnız 3859 nəfərlik tutumu olan 16 bina təmirlidir. Sözügedən rəqəmlər isə yataqxana ehtiyacı olan tələbə sayı ilə müqayisədə heç 5 faiz də deyil...
Bir az da bunları düşünək, cənablar!

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO