Bakıda məktəblilərə narkotik satan qadına HÖKM OXUNDU 

Bakıda məktəblilərə narkotik satan qadına HÖKM OXUNDU 

Hazırda oxunan: Bakıda məktəblilərə narkotik satan qadına HÖKM OXUNDU 

95459

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda ittiham olunan Göyçək Əliməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 
Bizim.Media
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.  

Daha sonra ittiham nitqi ilə çıxış edən prokuror Göyçək Əliməmədovanın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  

Bundan sonra çıxış edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, müdafiə etdiyi şəxs narkotik satıcısı olmayıb, narkotik istifadəçisi olub. Vəkil müdafiə etdiyi şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. 

Daha sonra son söz deyən təqsirləndirilən şəxs deyib ki, uşaqlıqdan atasız-anasız böyüyüb. Onun sözlərinə görə, heç bir azyaşlıya narkotik satmayıb və satmaq niyyəti də olmayıb.

Narkotik istifadəçisi olduğunu deyən təqsirləndirilən şəxs bu əməlinə görə peşman olduğunu söyləyib. Daha sonra hakim heyəti hökm elan etmək üçün müşavirə otağına yollanıb.

Müşavirədən qayıdan hakim heyəti Göyçək Əliməmmədovanın barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası elan ediblər. 

Qeyd edək ki, Göyçək Əliməmmədova ötən il noyabrın 27-də həbs olunub. Onun paytaxtın müxtəlif yerlərində, həmçinin bəzi orta məktəblərin yaxınlığında yetkinlik yaşına çatmayan şəxslərə narkotik vasitə satmaqda şübhəli bilinib.  
İstintaq orqanı tərəfindən Göyçək Əliməmmədovanın barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO