Gürcüstanda Azərbaycan dilinin tədrisi LİMİTLƏNDİ: - “Soydaşlarımız uşaqlarını gürcü məktəblərinə qoyurlar”

Gürcüstanda Azərbaycan dilinin tədrisi LİMİTLƏNDİ: - “Soydaşlarımız uşaqlarını gürcü məktəblərinə qoyurlar”

Hazırda oxunan: Gürcüstanda Azərbaycan dilinin tədrisi LİMİTLƏNDİ: - “Soydaşlarımız uşaqlarını gürcü məktəblərinə qoyurlar”

92805

Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il il tarixində “Milli kurikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı №93/ნ saylı sərəncam imzalayıb. Yeni qəbul edilmiş sərəncamda ana dilimizlə bağlı belə bir müddəa yer alıb: 

“Azərbaycan dili və ədəbiyyat fənninə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, Azərbaycan dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır.” 

Bu sərəncam 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minib. 

Nazirin bu qərarı ölkənin azərbaycanlı cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Bəzi soydaşlarımız bunu azərbaycanlılara qarşı təzyiq metodu kimi dəyərləndirib. Amma məsələyə liberal yanaşanlar da var.

Məsələn, təhsil üzrə ekspert Elşən Qafarov Bizim.Media ilə söhbətində bildirdi ki, Gürcüstanda soydaşlarımıza öz ana dilində təhsil hüququ tanınıb: 

“Baxmayaraq ki, İranda 40 milyon azərbaycanlı yaşayır. Onların ana dilində bir məktəbləri yoxdur. Amma Gürcüstanda belə deyil. Gürcüstanın Təhsil və Elm nazirinin son qərarı düşünmürəm ki, azərbaycanlıların təhsil hüququnu məhdudlaşdırmağa yönəlib. Bu sırf tədris prosesinin idarə olunması ilə bağlıdır”.

Əslən Borçalıdan olan tanınmış jurnalist Rafiq Kərimov da azərbaycanlıların öz ana dilində təhsil alması üçün Gürcüstanda heç bir problemin olmadığını söyləyib:

“Borçalıda kifayət qədər Azərbaycan dilli orta məktəblər var. Amma son vaxtlar Azərbaycan dilli məktəblərə maraq azalıb. Bunun da tək səbəbi gürcü dilini öyrənməyə olan maraqdır. Bilirsiniz ki, orda dövlət dili gürcü dilidir. Və dövlət dilini bilməyənlərin seçkili və idarəetmə orqanlarda təmsil olunması müşkül məsələdir.
Ona görə də son vaxtlar əksər valideynlər uşaqlarını gürcü dilli məktəblərə qoyurlar. Haqqında danışdığımız son qərar da Azərbaycan dilli məktəblərə aidiyyatı yoxdur. Bu qayda gürcü dilli məktəblərə aiddir. Yəni azərbaycanlıların çox təmsil olunduğu orta məktəblərdə ikinci xarici dil kimi Azərbaycan dili tədris olunur. Və müəyyən edilən dərs saatları da bu mənada çox normaldır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO