“Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüdü. Xarici İT şirkətlərinin böyük əksəriyyəti Rusiyanı tərk etdi. Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başladı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O, Rusiyadan köçən mütəxəssislərin hansı ölkələrə üz tutması məsələsinə də toxunub:
“İndi məlum olur ki, 50 000 İT mütəxəssis, xüsusən də, proqramçılar Ermənistana relokasiya edibmiş. Bunu Ermənistanın İqtisadiyyat naziri Kerobyan bildirib. O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20-dən çox İT şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.
Ümumiyyətlə isə, hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib”.
Osman Gündüz bir neçə gün öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti “NVİDİA”-nın da İrəvanda ofis açdığını da qeyd edib:
“Bir müddət öncə Yandex də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı. Beləliklə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya İT mütəxəssislərin və şirkətlərin relokasiya prosesinin əsas mərhələsinin başa çatdığını düşünmək olar.
Müşahidələr göstərir ki, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutdular”.
Osman Gündüzün sözlərinə görə, İT mütəxəssislərinin üz tutduğu ölkələr içərisində Azərbaycan yer almayıb:
“Bildiyim qədər bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından uğurlu yekunlaşmayıb. Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir.
Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, İT şirkətlərin, eyni zamanda xarici ölkələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır.
Fikrimcə, bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşacaq, hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir. Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər.
Fikrimcə, bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 07.09.2022
“Rusiyadan köçən İT mütəxəssislər Ermənistana üz tutur” – Osman Gündüzdən SOS
Hazırda oxunan: “Rusiyadan köçən İT mütəxəssislər Ermənistana üz tutur” – Osman Gündüzdən SOS
Hazırda oxunan: “Rusiyadan köçən İT mütəxəssislər Ermənistana üz tutur” – Osman Gündüzdən SOS
92565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.