Şimal bölgəsində bir şagirdi olan iki məktəb var.
Bizim.Media-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz regional təhsil idarəsindən verilən məlumata görə, Qubanın Qaravulüstü, Qusarın Çətkün kənd məktəblərinin hər birində ötən il bir şagird təhsil alıb.
Bu il həmin məktəblərə yeni şagirdlərin gələcəyi bildirilir.
Quba-Xaçmaz regional təhsil idarəsinin Qusar sektorunun müdiri Naira Klıçova bu il Çətkün kənd məktəbinə daha iki şagirdin gələcəyini deyib.
Qeyd edək ki, 3 ildir məktəbin tək şagirdi olan Nadim Alxasov bu tədris ilində 4-cü sinifdə təhsil alacaq. Onun müəllimi isə anası Lalə Alxasovadır.
Çətkün məktəbində iki müəllim var, biri direktor - müəllim, biri isə müəllim kimi fəaliyyət göstərir.
Qubanın Qaravulüstü kənd məktəbində isə bir müəllim və bir texniki işçi fəaliyyət göstərir.
Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyev ölkəmizdə icbari təhsilə xüsusi önəm verildiyini bildirib.
“Yaponiyada bir şagirdə görə dünyaya səs salırlar. Bizdə də elədir, bir şagirdli məktəblərimiz var. Bu, Azərbaycanda icbari təhsilə verilən diqqətin nümunəsidir”, deyə o bildirib.
Dövlət üçün məktəbdə 1 və 100 şagirdin olması əsas deyil, əsas olan şagirdin icbari təhsildən kənarda qalmamasıdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu