İki ay sonra körpəsi doğulacaq şəhid Nurlan Mustafayev -  “Kaş ki, bu qədər qorxmazdım...” - FOTO

İki ay sonra körpəsi doğulacaq şəhid Nurlan Mustafayev -  “Kaş ki, bu qədər qorxmazdım...” - FOTO

Hazırda oxunan: İki ay sonra körpəsi doğulacaq şəhid Nurlan Mustafayev -  “Kaş ki, bu qədər qorxmazdım...” - FOTO

9091

“Bütün varlığımla, ruhumla, bədənimlə və ölçülərimlə ancaq vətənə xidmət edirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Vətən Müharibəsininin şəhidi Nurlan Mustafayev ölümündən əvvəl zabit yoldaşı ilə telefonda danışarkən söyləyib.

Kapitan Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıt şəhərində anadan olub. 1997-ci ildə Nəsimi rayonunun 159 nömrəli məktəbinin I sinfinə gedib. Hərbçi olmaq arzusuyla yaşayan Nurlan 8-ci sinifdən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. Liseyi bitirdikdən sonra o, ali hərbi təhsilini bitirmək üçün Almaniyaya üz tutub.

Nurlan Mustafayev öz ölkəsini Almaniyada və olduğu Avropa ölkələrində layiqincə təmsil edib. O, Almaniyadan ən yaxşı əcnəbi kursantı diplomu və atıcılıq üzrə qızıl medalla qayıdıb.

Qayıtdıqdan sonra təyinatı Murovdağa verilib və 4 il düşmənlə üz-üzə xidmətini davam etdirib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrə daxil olaraq kursu birinciliklə başa vurub. Nurlan Mustafayev 2018-ci ildə Türkiyənin İzmir şəhərində xüsusi təyinatlıların təşkil etdiyi yarışmada da birincilik qazanıb. 

Şəhidimiz Vətən müharibəsinin başladığı ilk gündən döyüşlərə qatılıb. Vətən savaşında əsl şücaət nümayiş etdirən Nurlan Mustafayev oktyabrın 11-də Hadrutda şəhid olub. 

Anası Rəhilə Ramazanova deyir ki, oğlunun qələbə zəfərini görməməsi onu çox yandırır:
“Nurlan barədə keçmişdə danışmaq çox ağırdır. Şəhid olan günü hamımızla ayrı-ayrılıqda danışdı. Arada şəbəkə kəsilirdi, amma danışa bildik. Nə bileydim ki, son danışığımızdı. Həmin gün çətin döyüş tapşırığına gedirmiş.

Bir neçə saatdan sonra şəhid xəbəri gəldi... Nurlan əsl azərbaycanlı, hərbçi və vətənpərvər idi. Onda bütün bunlar həm fiziki, həm də mənəvi cəhətdən birləşmişdi. Vətənini çox sevirdi. Nurlanın ata tərəfi Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Gölkənd kəndindən idi. 1988-ci ildə öz yurd-yuvalarını məcburən tərk ediblər.

Mənfur düşmənimizin torpaq iddiaları və ərazilərimizi zəbt etmələri barədə evdə hər zaman söhbət gedirdi. Nurlan nənə və babalarından bunu dəfələlə eşidirdi. Bəlkə də onun hərbçi kimi yetişməsində bunların müəyyən təsiri olub”.

Ananın sözlərinə görə, oğlu döyüş yolundan və harada vuruşduqlarında heç vaxt məlumat vermirdi:

“O, hərbi geyimdə başqa Nurlan olurdu. Baxışları, düşüncələri və hərəkətləri dəyişirdi. Çox həyatsevər, ailəcanlı, diqqətli və mehriban idi. İşğal altında olan torpaqlar sanki onun çiynində bir yük kimi qalmışdı. Deyirdi ki, bu torpaqları almamış dinc oturmaq olmaz. O torpaqlara bu qədər qan tökülübsə, onu düşmənə qoya bilmərik. Elə də oldu... Çox heyf ki, qələbəni görmədi. Amma bu, onun haqqı idi. Şükür olsun ki, qanı yerdə qalmadı. Biz şəhid analarına bu, ömrümüzün sonuna kimi dərddirsə, xalqımız üçün zəfər müharibəsidir”.

“Mən təkcə həyat yoldaşımı yox, hər şeyimi itirmişəm”. Şəhidin həyat yoldaşı Günay Mustafayeva belə deyir...

Yaxın günlərdə doğulacaq körpəsinə sarılan Günay Mustafayeva Nurlansız yaşamağın çətin olduğunu deyir:

“Nurlanla tanış olanda o, 2016-cı ildə Murovdağda xidmət edirdi. 2020-ci ilin mart ayında ailə qurduq. Evlənən gündən içimdə onu  itirmək qorxusu ilə yaşamışam. Elə bilirəm ki,  məhz qorxu hissi onu itirməyimə səbəb oldu. Kaş ki, bu qədər qorxmazdım. Nurlansız çox çətindir və çətin olacaq”.

İki aydan sonra şəhidimizin ilk oğul övladı dünyaya gələcək. İndi ailə şəhidimizdən qalan yeganə xatirə gözləntisindədir. Şəhid Murlan Mustafayevin görməyəcəyi kiçik Nurlan doğulacaq... 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO