Bakıda inanılmaz cinayət: Sevgilisinin keçmiş ərini döyə-döyə öldürdü

Bakıda inanılmaz cinayət: Sevgilisinin keçmiş ərini döyə-döyə öldürdü

Hazırda oxunan: Bakıda inanılmaz cinayət: Sevgilisinin keçmiş ərini döyə-döyə öldürdü

88421

Bu il yanvarın 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsində 1993-cü il təvəllüdlü Ələsgər Məmmədovun (adlar şərtidir) 1979-cu il təvəllüdlü Rasim Ağakişiyevi döyərək öldürməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, məhkəmə araşdırması zamanı hadisənin qısqanclıq zəminində yaranmış münaqişə nəticəsində baş verdiyi üzə çxıb.

Belə ki, R.Ağakişiyev Ə.Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı qadının keçmiş həyat yoldaşı və əmisi oğlu olub. R.Ağakişiyev 2003-cü ildə evləndiyi əmisi qızından 2020-ci ildə rəsmən boşanıb və evi həyat yoldaşına verib.

Onların 2006 və 2015-ci il təvəllüdlü uşaqları da Rasimin boşandığı Səlimədə qalıb. Elə həmin vaxtdan Rasim başqa qadınla birgə yaşamağa başlayıb. Səlimə də 2020-ci ildə tanış olduğu Xaçmaz rayon sakini olan Ələsgərlə qeyri-rəsmi nikahda yaşamağa başlayıb. Ələsgər mütəmadi olaraq onun evində qalıb, uşaqları tərəfindən ata kimi qəbul edilib.

Bir müddət sonra Rasim keçmiş arvadının Ələsgər adlı şəxslə sevgili olmasını, həmin gəncin Səlimə ilə birgə yaşadığını öyrənib. Bu işdə ona qonşular da kömək edib.

"Qafqazinfo" saytının əldə etdiyi məlumata görə, qonşulardan biri Rasimə Ələsgərin onun keçmiş evində olması barədə xəbər verib. Rasim yanvarın 19-da axşam saatlarında binanın qarşısına gələrək qışqırmağa başlayıb və pəncərəyə çıxan 16 yaşlı oğlunu söyərək “O qubalıya de, aşağı düşsün, bilirəm evdədi”, deyib.

Bundan sonra 29 yaşlı Ələsgər həyətə düşüb və onlar mübahisə ediblər. Dava-dalaş zamanı Ələsgər birgə yaşadığı qadının keçmiş həyat yoldaşına yumruq və taxta ilə bir neçə zərbə endirib.

O daha sonra hadisə yerindən uzaqlaşıb. Huşsuz vəziyyətdə binanın qarşısında qalan Rasimi qonşular xəstəxanaya aparıblar və o, yanvarın 24-də Sabunçu xəstəxanasında ölüb.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Rasimi öldürmək niyyətinin olmadığını, özünü müdafiə məqsədilə onu vurduğunu deyib.


O əlavə edib ki, özündən yaşca xeyli böyük olan Səlimə ilə aralarında 2020-ci ildə sevgi münasibəti yaranıb və onun boşandığını bildikdən sonra aralarında ər-arvad münasibəti formalaşıb.

Şahid kimi çıxış edən Səlimə Ağakişiyeva da Ələsgəri sevdiyini, əmisi oğlu olan keçmiş həyat yoldaşının evlilik dövründə onu daim  incitdiyini, Rasimin pis vərdişlərinin olduğunu, hələ evli ikən başqa qadınla birgə yaşadığını eyib. O qeyd edib ki, ailəsində söz-söhbətlərin yaranmasına əsas səbəbkar qayınanası olub:

“Qayınanam o vaxt öz bacısı qızını Rasimə almaq istəyirmiş. Sonra qayınatam buna imkan verməyib və məni, yəni qardaşı qızını Rasimə aldı. Bundan sonra qayınanam daim bizə düşmən münasibəti bəsləyib”.

Məhkəmədə mərhum Rasim Ağakişiyevin anası da ifadə verib. O, bildirib ki, Rasimi Ələsgər tək öldürməyib: “Oğlumu Səlimə, onun oğlu və sevgilisi birgə binanın arxasında döyərək öldürüblər. Sonra huşsuz halda binanın qarşısına sürüyüb atıblar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü ilə Ələsgər Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO