Facebook-da tanış olub evlənməyin ÖMRÜ nə qədər olur?

Facebook-da tanış olub evlənməyin ÖMRÜ nə qədər olur?

Hazırda oxunan: Facebook-da tanış olub evlənməyin ÖMRÜ nə qədər olur?

87943

Sosial şəbəkə həyatımızın ayrılmaz parçasıdır. İndi ixtiyari birimiz günümüzün ən azı bir neçə saatını sosial şəbəkələrdə keçiririk. Necə deyərlər, əzizlərimizə, yaxınlarımıza ayırmadığımız vaxtı məmnuniyyətlə sosial şəbəkədə xərcləyirik. Əslində bu şəbəkə bizə çox az şey verir, amma çoxlu dəyərlərimizi və qiymətli vaxtımızı əlimizdən alır. Bu gün sosial platformalar kimlər üçün əyləncə, kimlər üçün, biznes, kimlər üçünsə ünsiyyət yeridir.

Bu dəfə biz sosial platformaların ünsiyyət seqmentinə diqqət yetirəcəyik. 

Təbii ki, sosial şəbəkələr həm də çoxlu yeni tanışlıqlar yeridir. Bu tanışlıqlar sonradan dostluğa, yaxın münasibətə çevrilir. Bəzilərimiz isə bir qədər də qabağa gedib gələcək ömür-gün yoldaşımız bu platformada axtarırıq. Bəzən də tapırıq. Amma bu tapıntımız çox zaman bizə baha başa gəlir. Tanış oluruq, ailə qururuq və qısa zaman keçəndən sonra yanıldığımız görürürük. Mütəxəssislərin hesablamalarına görə sosial şəbəkə üzərindən tanış olub ailə quranların çoxu az sonra boşanır. Bəzi hallarda isə virtual tanışlıq toya qədər də gedib çıxmır.

Sosial şəbəkə üzərində münasibətlər bir qayda olaraq ciddi əsaslar üzərində qurulmur. Yəni əksəriyyət ailə qurmaq üçün sosial şəbəkədə axtarışa çıxmır. Amma bəzi məqamlar təsadüfi tanışlıqları ailə izdivacına sürükləyir. Ümumiyyətlə, boşanmalara səbəb kimi ən çox nə göstərirlər?

Sualla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitədən Bizim.Media-ya bildirdilər ki, “2021-ci ildə Komitə tərəfindən çap edilmiş “Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” adlı ictimai rəy sorğusu və sosioloji tədqiqata nəzər salsaq görərik ki, respondentlərin mütləq əksəriyyəti boşanmaların səbəblərini xəyanət, sosial şəbəkələrin təsiri, xarakter uyğunsuzluğu, sosial problemlər, zərərli vərdişlərdən istifadə və s. məsələlərdə görürlər. Təbii ki, ən çox da sosial şəbəkələr ailələrin dağılmasında mühüm rol oynayır”.

Məlumatda o da bildirilib ki, “bütün bu məsələlər nəzərə alınaraq, Komitə tərəfindən təkliflər və fəaliyyət planı hazırlanır. Eyni zamanda maarifləndirmə tədbirləri, mövcud problemlərin həlli istiqamətində görüşlər davam etdirilir”.

Tanınmış psixoloq Vüsalə Rəhimli isə məsələyə bu cür yanaşır:

“İki yetkin insanın münasibətlərə tam hazır olması vacibdir. Tərəflər bir-birlərini yaxından tanımalıdırlar. Gələcəkdə qarşılarına çıxa biləcək problemləri birgə aşa biləcəklərinə əmin olmalıdırlar. Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi isə odur ki, gənclərin bir qismi ailə qurarkən sevgi, diqqət istəyir, bir qismi zahiri gözəllik axtarır, başqa bir qismi isə qoçaqlıq, maddiyyat arzulayır. Bax, bu gözləntilər olmayanda ailə dağılır. Ona görə də yaxşı olardı ki, gənclər nigaha girməzdən əvvəl bir-birlərinə gözləntilərini açıq şəkildə bildirsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO