Pənahəli xanın nəslindən olan, Şuşadakı Diaspor Yay Düşərgəsinə dəvət olunmuş Məhəmmədəli Əkbərov Ağdama səfər edib.
Bizim.Media xəbər verir ki, o, öncə İmarət-abidə kompleksində olub, sonra həmin ərazidə yerləşən əcdadlarının məzarını ziyarət edib.
Sonra qonaq Şahbulaq qalasına gedib. Ona ərazi haqqında geniş məlumat verilib.
Səfərdən məmnun qalan Məhəmmədəli Əkbərov ona yaradılan şəraitə görə minnətdar olduğunu bildirib.
M.Əkbərov İspaniyada doğulub. O, İspaniyada kriminalistika fakültəsinin üçüncü kurs tələbəsidir.
Soydaşımız Qarabağ xanı Pənahəli xanın nəslinin nümayəndəsidir.
"Qarabağı gördüyümdə, bu torpağa ayaq basdığımda çox qəribə hisslər keçirdim. Həmçinin, burada gördüyüm dağıntılara görə çox təəssüflənirəm. Bura mənim üçün çox doğmadır, çünki bu torpaqda əcdadlarımın izi var", - bu sözləri Pənahəli xanın nəslindən olan qonaq M.Əkbərov Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Hazırda İspaniyada yaşayıb və orada təhsil alan Məhəmmədəli gələcəkdə bu torpaqlarda yaşamağı arzu edir.
O, jurnalistlərə açıqlamasında belə deyib:
"Buranın təbiəti çox gözəldir. Gələcəkdə burada bağ evim olsa, böyük məmnuniyyətlə ailəmlə birgə burada yaşayaram".
Sonda qonaq Şahbulaq bulağından su içərək yola düşüb.
Qeyd edək ki, M.Əkbərov Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsi çərçivəsində Qarabağa səfər edib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu