Moderator.az-ın verdiyi xəbərə görə, sahibsiz itlər Tovuz rayon Aşağıquşçu kənd sakinlərinin rahatlığını ərşə çəkib. Deyirlər ki, gecə oldu itlər burda sürü halında gəzir. Evə gediş-gəliş məhdudlaşır.
Sahibsiz itlər təkcə insanların toyuq-cücəsinə, xırdabuybuzlu heyvanlarına deyil, özlərinə belə hücum etməkdən çəkinmirlər. Hətta xəsarət alanlar da var. Kənd sakinləri kimə müraciət edəcəklərini bilmirlər. Əlacsız qalan sakinlər itlərdən qorunmaq üçün müxtəlif yemlərdən və xüsusi ağaclardan istifadə edir.
Sözügedən məsələ ilə bağlı Tovuz rayon Aşağı Quşçu bələdiyyəsinə müraciət etdik. İdarə sədri məsələdən xəbərdar olduğunu və problemin tez biz zamanda həll ediləcəyini bildirdi.
Sakinlərindən heç kim bu heyvanların hücumuna məruz qalmaqdan və nəticədə quduzluq kimi olümcül xəstəliyə yoluxmamaqdan sığortalanmayıb. Tovuz Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Fəxrəddin Qasımov deyir ki, it dişləyərsə ən qısa zaman ərzində xəstəxanaya müraciət etmək lazımdır.
Qeyd edək ki, 2015-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasına it dişləməsi faktı ilə bağlı 201 xəstə daxil olub. Xəsarət alanların heç birində quduzluq müşahidə olunmayıb. Ümid edirik ki, xəstə sayı artmadan, eləcə də quduzluq müşahidə olunmadan tezliklə sahibsiz itlərlə bağlı tədbir görüləcək. (TTV)

































































































