SOCAR, Kapital Bank kimi əhali arasında tanınan şirkət və bankların adından insanlara gələn saxta zənglərlə bağlı ətraflı məlumat vermişdik.
Bu kimi halların qarşısını almaq üçün Bizim.Media kibertəhlükəsizlik üzrə ekspert Fuad Niftəliyevdən tövsiyə xarakterli açıqlama alıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda təmassız bank kartlarının sayı 63 % artıb
“Təbii ki, smartfonlarımıza gün ərzində yerli nömrələr ilə tanımadığımız insanlardan müxtəlif zənglər gəlir. Bu zənglərlə yanaşı +1, +44, +7 kimi başqa ölkələrin provayderlərindən də müxtəlif zamanlarda zənglər daxil olur. Dələduzların əksəriyyətinin yeni kompaniya adı ilə insanları daha çox pul və ya dəyərli bir əşya qazanmağa təhrik edirlər. Adətən bu tipli zənglər zamanı sizə hər hansı məbləğdə bonus almağınızı bildirir və yaxud sizə maraqlı görünən bir əşyanın internet saytında satışı zamanı qalib olduğunuzu qeyd edirlər. Daha sonra qazandığınız bonusların qarşılığında əşyanın sizə çatdırılması üçün onlara online şəkildə kiçik rüsum ödəməyiniz tələb olunur. Bunun üçün isə sizdən ödəmə kartının şəklini (VİSA, Mastercard və s.) və ya 16 rəqəmli kart nömrəsini istəyirlər”.
Məhz bu zaman vətəndaşları diqqətli davranmağa çağıran ekspert bildirib ki, bu zaman kartı ələ keçirən şəxslər asanlıqla istədikləri məbləği çıxara bilirlər:
“Siz həmin şəxslərə 16 rəqəmli kart nömrəsini təqdim etdikdən sonra sizdən sms vasitəsilə gəlmiş 4-5-6 rəqəmli OTP kodu onlara göndərməyinizi istəyirlər. Kodu təqdim etdiyiniz halda, artıq iş işdən keçmiş olur. Bu kimi ehtiyatsız davranış nəticəsində kartınızda (balansınızda) olan məbləğ tam silinə bilər. Bunu nə formada edə bilərlər? sualına gəldikdə, onlar sizin kartınızın məlumatları ilə həmin bankın applikasiyasında şifrəni unutdum deyə işarə edərək, şifrəni yeniləməyə çalışırlar.
Bu halda applikasiya qeydiyyatdan keçən mobil nömrəyə təhlükəsizlik üçün OTP kodu atır. Kodu daxil etdikdən sonra applikasiya yeni şifrənin təyin edilməsini bildirir və sonra applikasiyaya daxil olurlar”.
Kiber terrorun qurbanına çevrilməmək üçün tövsiyələrini səsləndirən ekspert qeyd edib ki, şəxsin 3D VƏ OTP kodu məxfi saxlanılmalı, hətta bank işçisinə belə verilməməlidir:
“Bu kodlar şəxsin özündən başqa heç kimə maraqlı olmalı deyil. Həmçinin bir çox applikasiyalar ikili autentifikasiya tələb edir. Bu kimi təhlükələrdən uzaq olmaq üçün mütləq formada onu aktivləşdirmək ciddi şəkildə tövsiyə olunur”.
Leyla Şah, Bizim.Media