Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili şəhər çimərliklərini "zəbt" edən, hasarlar çəkərək "özəlləşdirən" iş adamlarına qarşı mübarizəsi dünyada geniş rezonans doğurub və bu cür bəlalardan əziyyət çəkən Azərbaycanda da maraqla qarşılanıb.
Qeyd edək ki, Mixeil Saakaşvili dünən Odessa milisi, Fövqəladə Hallar Xidmətinin əməkdaşları ilə birlikdə Ukrayna Regionlar Partiyasının sabiq funksioneri, milyonçu Vasili Xmelnitskinin "Delfin" çimərliyindəki pansionatına yollanıb. "Zelyonıy Bereq" adlı bu pansionat "Delfin" və "Çkalov" çimərlikləri arasındakı hasarlanmış ərazi Saakaşvilinin göstərişi ilə sökülüb.
Bakıda da son illər dəniz kənarı zolaqlar qanunsuz olaraq hasarlanmaqdadır. Bəs ölkəmizdə bu hasarları sökən bir qurum, şəxs olacaqmı?
Moderator.az - a açıqlama verən millət vəkili Fazil Mustafanın sözlərinə görə, Bakıda dənizkənarı zolaqların hasarlanması rəzalətdir:
"Xəzərin sahil zolağı ilə bağlı qəbul olunmuş qanun var. Bu qanunda açıq - aydın göstərilib ki, dənizin kənarını hasarlamaq olmaz. Bu gün bir qrup vəsifəli şəxslər bu qanunu pozaraq dənizin kənarını hasarlayıb oradan öz biznes maraqları üçün istifadə edirlər. Dəniz bütün insanlar üçün açıq olmalıdır. Amma biz bunun əksini müşahidə edirik. İndi baş verənlər rəzalətdir."
Xəyal Əzizov

































































































