Xəzərin qoynunda doğuldu, Suqovuşanda şəhid oldu – 52 gün sonra cəsədi aşkarlanan ƏMİR KAZIMOV

Xəzərin qoynunda doğuldu, Suqovuşanda şəhid oldu – 52 gün sonra cəsədi aşkarlanan ƏMİR KAZIMOV

Hazırda oxunan: Xəzərin qoynunda doğuldu, Suqovuşanda şəhid oldu – 52 gün sonra cəsədi aşkarlanan ƏMİR KAZIMOV

86250

Şəhidlərimizdən daha birinin o uca məqamını ziyarət etmək üçün Bakının Xəzər rayonunun Şağan qəsəbəsində oldum. 

Necə deyərlər, ən vacib işimdəyəm. Şəhid Əmir Kazımovun xatirə otağındayam. Bəy otağı kimi bəzədilməli olan otaqda canlı görünən gülərüz maketi məni salamlayır. Kazımovlar aiəsinin iki qız övladından sonra yeganə oğul övladı Əmir olub.

Ürəyində kədəriylə qürurunu eyni anda daşıyan Atası İlham kişi oğlu haqqında Bizim.Media-ya danışır ki, Şüvəlan qəsəbəsində Fuad Arifoğlu adına orta məktəbi bitirən Əmir dənizçi olmaq istəyrdi:

“Ciddi hazırlaşsa da müsabiqədən keçə bilmədi. Mənə kömək eləmək üçün peşə dalınca getdi. İki il kişi bərbəri işlədikdən sonra taksi şirkətində operator vəzifəsində çalışırdı. Vətən Müharibəsinin başlayan kimi, dayanmadı, cəbhəyə yazıldı”.

İlham kişi deyir ki, səfərbərlik zamanı mən də könüllü yazılmışdım:

“Köhnə hərbiçi, tankçı kimi mən də düşmənin başını əzmək istəyirdim. Amma məni yox, könüllü yazılan oğlum Əmiri cəbhəyə apardılar. Oğlumla son danışığımız oktyabrın 4- də oldu. Elə bil bizimlə vidalaşıb, halallaşırdı. “Özünüzdən muğayat olun, mən getdim” dedi və o gedən getdi. Sonra heç bir xəbər almadıq”.

Əmir Kazımovun cəsədi şəhid olduqdan 52 gün sonra DNT analizi ilə müəyyənləşdirilir. Noyabrın 27-də Xəzər rayonunun Şağan qəsəbə məzarlığında torpağa tapşırılır.

Atası deyir ki, Əmir müharibənin ilk günündən könüllü Xüsusi Təyinatlı Qüvvələrin “Həmlə” qrupuna qoşulmuş altı könüllüdən biri olub. İmanlı gənc olan Əmir şəhidliyin necə ali zirvə olduğunu orada bir dindar hərbiçidən ətraflı öyrənibmiş.

Əmir 2020-ci il oktyabrın 10-da Talış yüksəkliyi və Suqovuşan uğrunda gedən döyüşlərdə düşmənin  endirdiyi artilleriya zərbəsi nəticəsində şəhid olur. 

İlham Kazımov yeganə oğlu haqqında onu da bildirir ki, müharibədən əvvəl Əmirin hərbi xidmət zamanı son dörd ayını Ağdamın düşmənlə təmas xəttində keçirdiyindən xəbərləri olmayıb:

“Əmir düşmənlə 25 metr məsafədə qulluq edibmiş. Bizə bu barədə heç vaxt danışmamışdı. Necə oğlum olduğunu ölümündən sonra bilmişəm”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilən Əmir dənizçi ola bilməsə də şəhidlik zirvəsinə ucalıb bütün Azərbaycanın qüruru oldu.

Ruhu şad olsun!


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO