“Qazilərə yardım edib sonra çəkib paylaşmaq onları aşağılamaqdır

“Qazilərə yardım edib sonra çəkib paylaşmaq onları aşağılamaqdır" – Rey Kərimoğlu

Hazırda oxunan: “Qazilərə yardım edib sonra çəkib paylaşmaq onları aşağılamaqdır" – Rey Kərimoğlu

86208

“Kimlərinsə qazilərə yardım göstərib onu reklam etməsi, videoya çəkməsi və sosial şəbəkələrdə paylaşması, kənardan qazilərimizi başqa cür göstərir, onları aşağılayır. Mən bunu təqdir eləmirəm, onları aciz durumda nümayiş etdirmək yolverilməzdir”. 

Bu fikirləri Bizim.Media-ya müsahibısində "Qarabağ qaziləri" ictimai birliyinin sədri, hərbi jurnalist Rey Kərimoğlu deyib.

O, bildirib ki, bütövlükdə qazilərdir, şəhid ailələridir, dövlətimizin himayəsindədilər. Amma biz istəyirik ki, onlar sosial qayğıya ehtiyacı olan təbəqə kimi formalaşmasınlar:

“Dövlət üzərinə düşən vəzifəni artıqlaması ilə edir. Ancaq məsələ bunla bitmir, qazilər üçün sərbəst iqtisadi mühit yaradılmalıdır ki, onlar da bizneslə, istehsalla məşğul olub dövlət üçün yenidən faydalı vətəndaşa çevrilsinlər. Problemin kökü budur”.

Rey Kərimoğlu onu da qeyd edib ki, təbii olaraq öz vəziyyəti çox ağır olan, balasının probleminə görə, kimlərəsə müraciət edən qazilərimiz var. Onlara da müəyyən mənada dəstək olunub:

“Amma hal-hazırda birinci və ikinci Qarabağ müharibəsində iştirak etmiş iki qazimiz var, xərçəng xəstəliyinin daşıyıcısıdılar. O iki qaziyə görə "YAŞAT" Fonduna müraciət eləmişik, dəstək olmurlar ki, müharibədə yaralanmayıb. Belə xoşagəlməz münasibətlərlə rastlaşırıq. Halbuki "YAŞAT" Fondu belə vəziyətlərdə də lazımdır”. 

Kredit borcu olan qazilərimizlə bağlı da məsələyə toxunan hərbi jurnalist bildirib ki, biz təşkilat olaraq bu məsələlərlə bağlı banklara müraciət edib, danışıqlar aparmışıq. Nəticəsi də olub:

“Banklar qazilərimizin kreditlərini sıfırlayıblar. Söhbət istehlak kreditlərindən gedir. Kimsə gedib qazinin adından böyük məbləğdə kredit götürürsə, biz ona görə banklara heç bir müraciət etmirik”.

Bəzi qazilərin ictimai asyişi pozmasına və qazi adından sui-istifadə hallarına gəlincə, Rey Kərimoğlu bildirib ki, bunlar zamanla həll olunası məsələlərdir:

“Yol qaydasını pozan təkcə qazi deyil ki. Adi insan, jurnalist, dövlət adamı, nazir balası qaydaları pozmurmu? Bütün hallarda hər kəs qazilərdən yaxşı nümunə gözləyir, düşünmürlər ki, qazi də bu cəmiyyətin yetirməsidir, bu mənada ümumi tərbiyyəyə, maaariflənməyə ehtiyacımız var”. 

"Qarabağ qaziləri" ictimai birliyinin sədri sonda vurğulayıb ki, indi intiharlar mövzusu daha ciddi məslədir. Çalışmaq lazımdır ki, cəmiyyətimizi bu xaosdan xilas edək:

“Dünyada ən ağır iş hər şeyi geridə qoyub, vətən uğrunda döyüşdə ölümlə burun-buruna gəlməkdir. Çalışmaq lazımdır ki, ilk olaraq yaraları sağaldaq, bir-birimizə dəstək olaq, cəmiyyət olaraq Vətən Müharibəsi dövründəki həmrəyliyimizi davam etdirək. Sonra mənəvi-psixoloji, etik və estetik məslələri də yoluna qoyacağıq”.

Şəfaqət Cavanşir, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO