Gənclərdə çatışmayan İCTİMAİ ŞÜUR – Öz evində bunu edərsənmi?

Gənclərdə çatışmayan İCTİMAİ ŞÜUR – Öz evində bunu edərsənmi?

Hazırda oxunan: Gənclərdə çatışmayan İCTİMAİ ŞÜUR – Öz evində bunu edərsənmi?

85759

Bu yaxınlarda bir neçə yeniyetmə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarlarına müxtəlif yazılarla ziyan vurub.

Yeniyetmələrin bu hərəkəti dərhal da ictimai qınağa tuş gəldi. Çünki, İçərişəhər və Qala Qoruğu kimi tanınan məkan Bakının və bütövlükdə ölkəmizin ən dəyərli incisi, eyni zamanda tarixi memarlıq abidələrinin mühafizə olunduğu qoruqdur.

İçərişəhər və Qala Qoruğu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkan olmaqla yanaşı qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir. Ona görə də min illərin o tayından bizə qədər gəlib çıxmış nadir tarixi abidələrə laqeyid və yaxud vandal münasibət heç cür qəbul oluna bilməz.

Təsadüfi deyil ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qala divarlarında qrafit şəklində yazıların aşkar olunması faktı polis əməkdaşları tərəfindən araşdırılıb və qala divarlarının ötən il noyabrın 7-də paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən yazılması müəyyən edilib. 

Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib.  

Amma inzibati tənbehlər son çıxış yoludur. Bizim hər birimiz milli dəyərlərimizə ehtiramla yanaşmalıyıq, tarixi-memarlıq abidələrimiz göz bəbəyi kimi qorumalıyıq. Bunu etməyənləri isə ictimai qınağın ən ağır formaları ilə cəzalandırmalıyıq.

Ona görə ki, hansısa yanlışlıq və yaxud səhv hərəkət bəzən çox böyük problemə çevrilir. Məsələn, Qala divarlarındakı həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirilir. Bu qaydaları bilən yerli mütəxəssislərimizsə yox dərəcəsindədir. Ona görə də ən xırda bir hərəkətin nəticəsini aradan qaldırmaq üçün xaricdən mütəxəssislərin dəvət edilməsi zərurəti yaranır.

Bütün bunlarsa əlavə vəsait və vaxt itkisidir. Ona görə də bu istiqamətdə maariflənməyə böyük ehtiyac var. Axı heç kim öz evində bu cür eybəcər hərəkət eləməz. Bu baxımdan hər bir kəsin ictimai şüurunda tariximizin yeri və dəyəri dəqiq olmalıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO