Ağalı kəndinə köçən ailələrin sayı 30-a çatdı - FOTO

Ağalı kəndinə köçən ailələrin sayı 30-a çatdı - FOTO

Hazırda oxunan: Ağalı kəndinə köçən ailələrin sayı 30-a çatdı - FOTO

85138

2022-ci il iyulun 23-də Şərqi Zəngəzurda daha bir əlamətdar tarix yaddaşlara həkk olundu. 29 il Vətən həsrəti ilə yaşayan ailələrdən 10-u bu gün öz doğma kəndinə geri dönüb. Onlara təqdim olunan mənzillərin açarlarını sevinclə qəbul edən sakinlər, sənədləri də qürur hissi ilə imzalayıb.

Bizim.Media xəbər verir ki, beş ilə yaxın davam edən Birinci Qarabağ müharibəsi zamanı zəngilanlılar döyüşlərin son anına qədər mübarizə aparıblar. Qeyri-bərabər döyüşdə aciz qalan əli silahsız soydaşlarımız Vətəni ürək ağrısı və göz yaşı ilə Arazdan İrana keçməklə xilas ola bilib. Həmin zaman köçkün düşənlərin çox hissəsini isə qadın və uşaqlar təşkil edirdi. Uşaqlıq illərini və arzularını Zəngilanda qoyub Vətəni tərk edən soydaşlarımız ötən 28 ildə bir an belə ümidlərini itirmədən yaşayıblar.

2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı nəticəsində müzəffər Azərbaycan Ordusu torpaqlarımızı 44 günə azadlığa qovuşdurdu. Döyüşlərin iyirmi dördüncü günü ən çox sevinənlər zəngilanlılar oldu. Çünki həmin tarixdə qüdrətli Azərbaycan Ordusu Zəngilanı düşmən tapdağından azad etdi. Ümidləri ölməyən Zəngilan sakinləri öz doğma yurduna qovuşacağı günün daha yaxında olduğuna əmin oldu.

İndi zəngilanlı soydaşlarımız böyük qayıdışın ilk iştirakçılarıdır. Həm də Zəngilanı heç görməyən, lakin ata-baba yurdunun həsrətini çəkən övladları ilə birlikdə. Ağalı kəndində sakinlərin məskunlaşması çərçivəsində üçüncü köç karvanında 45 nəfər olmaqla daha 10 ailə öz doğma yurduna qovuşub. Bununla da Ağalıda yaşayan sakinlərin sayı 151, ailələrin sayı isə 30-a çatıb.

Hər biri sevinc hissi ilə doğma yurduna qovuşan sakinlər öncə kəndin mərkəzində qarşılanıb. Onlara kənddə yaradılan şərait və infrastruktur barədə məlumatlar verilib. Daha sonra Ağalı sakinləri nahar süfrəsinə əyləşərək böyük qayıdışın ilk duz-çörəyini birlikdə kəsiblər. Ətrafı diqqətlə seyr edən sakinlərin hər biri öz mənzilinə qovuşmazdan əvvəl Zəngilanın təmiz havasını udub, suyundan içiblər.

Üçüncü köç karvanında 10 ailəyə mənzil açarları təqdim olunub. Ağalıya daha öncə köçən sakinlər isə yeni qonşularını ürəklə salamlayıblar. Erməni işğalı nəticəsində dağıdılan, viran edilən və nə az, nə çox 28 il xarabalığı xatırladan ərazilər sakinləri kövrəltsə də, işğaldan azad edildikdən sonra abadlaşan Ağalını görən zəngilanlılar bir o qədər sevinci hissi yaşayıblar. İndi Ağalının küçələrində gözə çarpan yaşıllıqlar, müasir standartlara uyğun inşa edilən evlər, küçələrdə canlanan həyat, uşaqların əyləncəsi, eyni zamanda, mərkəzdə fəaliyyət göstərən iaşə obyektləri kəndin firavan günündən xəbər verir.

Bundan başqa, Ağalıda sakinlərin məşğulluq fəaliyyəti də nəzərə alınıb. Azərtac.az-ın məlumatına görə, gerçəkləşən arzular təkcə Zəngilanda deyil, Şərqi Zəngəzurun firavan günlərinin başlanğıcıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO