Almaniyadan, İspaniyadan Hövsana niyə gəlirlər? – İcra Hakimiyyətindən “olmaz” deyirlər – FOTO 

Almaniyadan, İspaniyadan Hövsana niyə gəlirlər? – İcra Hakimiyyətindən “olmaz” deyirlər – FOTO 

Hazırda oxunan: Almaniyadan, İspaniyadan Hövsana niyə gəlirlər? – İcra Hakimiyyətindən “olmaz” deyirlər – FOTO 

84788

“İlk dəfə idi ki, Hövsandakı “Duzlu göl” ə getmişdik, sadəcə dəhşət! Natəmizlik və baxımsızlıq o cür təbii, müalicəvi yeri çox hörmətsiz hala salıb”.

Bizim.Media-nın redaksiyasına hər gün onlarla şikayət motivli müraciətlər daxil olur. Bu dəfə ki şikayət isə Hövsan-Zığ magistral yolunda yerləşən “Duzlu göl” barəsindədir.

Dərdini bizə danışan şikayətçi bildirir ki, illərdir gölə müalicə üçün getsə də, hər dəfə qarşılaşdığı mənzərəyə görə, artıq başqa xəstəliklərə də yoluxmaqdan qorxur:

“İllərdir özüm, qohumlarım daxil olmaqla müalicə məqsədi ilə gölə gedirik. Amma bu dəfə mən topuğuma kimi suya girə bildim. “Duzlu göl” şəfa yox, artıq zibilxanaya dönüb. Niyə ora baxan yoxdur? Niyə insanlarçün normal bir şərait etmirlər? Kasıblar gedir, ona görə? Hələ illərdir rayonlardan gəlib Hövsanda ev tutub 10-15 gün qalanlar da olur ki, təki müalicə alsınlar. Tək mən yox, bura gələn hər kəs baxımsızlıqdan, çirkabdan gileynlənir”, - deyə qeyd edən şikayətçi müalicəvi məkanın xarabalığa çevrilməsini ürək ağrısı ilə izlədiklərini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hövsana kanalizasiya xətti niyə ÇƏKİLMİR? – Sakinlər öz hesabına İŞƏ BAŞLAYIR


Çirkablarlaşmış göl, əhatəsi isə müxtəlif tullantılar - içki butulkaları, plastik qablar, yemək tör-töküntüləri, qurumuş, qol budaqları qırılmış ağac parçaları ilə “bəzədilən” “Duzlu göl” dəfələrlə müxtəlif media resurslarında işıqlandırılsa da, görünən mənzərə yenə də eyni olaraq qalır. Gölün acınacaqlı vəziyyətinə isə heç nə və heç kim dərman tapa bilmir. Səhiyyə Nazirliyi də öz açıqlamasında göl suyunun bakterioloji vəziyyətinin qənaətbəxş olmadığını bildirərək, vətəndaşların ora üz tutmasını qadağa edib. Lakin bu gün qadağanı nə görən, nə də oranı sanitar-gigiyena qaydalarına uyğun şəkildə müalicəvi sanatoriyaya çevirən var... 

İnsan sağlamlığına bu qədər faydalı olan, tək yerli deyil, digər ölkə vətəndaşlarının da şəfa üçün üz tutduğu “Duzlu göl”ün yenidən bərpası və kurort-sanatoriya zonasına çevrilməsi isə ən çox müzakirə olunan mövzudur. Bununla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdik. Lakin qurumdan bildirildi ki, sözügedən məsələ onların səlahiyyətləri çərçivəsində deyil.

Gölün aid olduğu ərazi üzrə Suraxanı rayon İcra hakimiyyətindən isə bildirildi ki, bir neçə gün öncə “Duzlu göl” ərazisində imcəlik işləri aparılıb.

İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Xanoğlan Allahverdiyevin sözlərinə görə, ərazi müalicə üçün yararlı olmadığı üçün onun sanatoriyaya çevrilməsi gündəmdə deyil:

“Sözügedən ərazidə çimmək qadağan olunub. Lakin tərəfimizdən tez-tez “Duzlu göl” ərazisində təmizlik işləri aparılır. Buraya Almaniyadan, İspaniyadan gələn turistlər də var, amma göl sağlamlıq üçün sanitar-gigiyenik qaydalara uyğun deyil. Vətəndaşlara da həmin ərazidən istifadə etməməyi tövsiyyə edirik”, - deyə qurum nümayəndəsi bildirib.

Səkinə Yusibli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO