Hövsan-Suraxanı avtobuslarında BİABIRÇILIQ - 161 nömrəli marşruta kim nəzarət edir?

Hövsan-Suraxanı avtobuslarında BİABIRÇILIQ - 161 nömrəli marşruta kim nəzarət edir?

Hazırda oxunan: Hövsan-Suraxanı avtobuslarında BİABIRÇILIQ - 161 nömrəli marşruta kim nəzarət edir?

84450

Paytaxt Bakının yollarında hələ də texniki göstəriciləri standarta cavab verməyən və iflic vəziyyətdə olan sərnişin avtobusları qalır. 

Belə marşrutlardan biri də Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttidir. 

Hövsan qəsəbə sakinləri Bizim.Media-ya müraciətlərində həmin avtobusdan şikayətləniblər. Dediklərinə görə 161 nömrəli avtobusda vəziyyət o qədər acınacaqlıdır ki, bu işgəncəni təsvir etməyə söz acizdir. Sərnişinlərin sözlərinə görə, istismarda olan avtobusun texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi azmış kimi interval problemindən lap təngə gəliblər. Yay aylarında bu sarıdan daha çox əziyyət çəkirlər:
 

MÖVZU İLƏ BAĞLI:

“BakuBus” MMC-nin direktorunu nə əsəbiləşdirdi? – “Müdir MƏŞĞULDUR” 


“Səhər işə gecikirik, axşam isə evə qayıtmağa avtobus tapmırıq. Dayanacaqda günün ən qızmar vaxtında 45 dəqiqə avtobusu gözləmək nə deməkdir? Hər gün eyni vəziyyətdir. Hələ avtobusun öz vəziyyətindən danışmıram. XXI əsrdəyik, xidmətimizə verilən avtobuslara baxın.

Ətraf qəsəbədəyik, deyə əziyyət çəkməliyik? Bakı Nəqliyyat Agentliyi dəfələrlə avtobus parkının yeniləndiyini, Bakıətrafı qəsəbələrdə qalan yararsız avtobusların xəttdən çıxarılacağını bəyan edir. Niyə 161-lə bağlı problem həll olunmur. Şikayət etməkdən yorulmuşuq. Öz qayğılarımız azmış kimi, hər gün yollarda əsəb-stress içindəyik”- deyə Hövsan sakini Ramella Hüseynova şikayətlənib. 

Digər narazı sərnişinlər də 161 saylı avtobusun yenilənməsi və interval arası hərəkətin yoluna qoyulması tələbi ilə çıxış ediblər. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında bildirib ki, “Azland-Plaza” MMC-nin istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə hazırda 6 ədəd avtobus fəaliyyətdədir:

“Avtobus sayı sərnişin tələbatı nəzərə alınaraq tənzimlənir. Bu xətt üzrə avtobuslarda gediş haqqının ödənişi BakıKart vasitəsilə həyata keçirilir. Həmçinin bildirim ki, 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Vahid Dispetçer Mərkəzinə inteqrasiya olunub və avtobusların fəaliyyəti real vaxt rejimində izlənilir.

Mərkəzin təqdim etdiyi məlumata əsasən deyə bilərəm ki, bu xətt üzrə avtobuslararası interval 12-13 dəqiqə arasında dəyişir. Olur bəzən yoldakı nəqliyyat sıxlıqları səbəbindən və ya hər hansısa bir avtobusda texniki nasazlıq səbəbindən intervallar gecikir.
Bu zaman da 20-25 dəqiqə gecikmə yaranır. Ümumilikdə bu xətt üzrə sərnişindaşımaların yaxşılaşdırılması ilə bağlı Azlənd-Plaza qarşısında məsələ qaldırılıb və bir neçə dəfə də xəbərdarlıq edilib”.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi iş prosesinə uyğun olaraq digər marşrut xətləri ilə yanaşı Bakıətrafı qəsəbələrə işləyən bütün avtobusların mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacağını açıqlamışdı. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO