“Qurumların sənədi kağız formada tələb etməsi qadağan edilməlidir” - Ekspertdən ETİRAZ

“Qurumların sənədi kağız formada tələb etməsi qadağan edilməlidir” - Ekspertdən ETİRAZ

Hazırda oxunan: “Qurumların sənədi kağız formada tələb etməsi qadağan edilməlidir” - Ekspertdən ETİRAZ

81365

“Hər hansı bir dövlət orqanında artıq vətəndaşla və ya hansısa bizneslə bağlı məlumat varsa, onu digər dövlət qurumunun kağız və ya elektron formada tələb etməsi və ya toplaması rəsmi olaraq qadağan edilməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz səsləndirib.

Onun sözlərinə görə, kağız sənəd tələbi artıq aradan qaldırılmalıdır:

“Az qala 20 il olur ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. İlkin dövrlərdə bu prosesi hansı dövlət qurumu necə istəyibsə elə də aparıb. 12 ildir ki, bu proses sistemli olaraq, səlahiyyətli dövlət qurumunun nəzarəti altında həyata keçirilir. 2018-ci ilədək bu prosesə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzarət edib, 4 ildən çoxdur ki, ölkədə rəqəmsal hökumət quruculuğuna ASAN, daha doğrusu onun tabeliyində olan Elektron  Hökumətin İnkişafı Mərkəzi cavabdehdir”.

O, vurğulayıb ki, rəqəmsal hökumətə keçidlə bağlı Prezidentin müvafiq fərmanından sonra sektorda müəyyən dinamika olsa da son zamanlar bu proses xeyli səngiyib:

“Ən ciddi problem də dövlət qurumlarına məxsus dataların inteqrasiyasdır. e-Gov Mərkəzi elektron hökumətimizin “oturduğu” xarici resurs əvəzinə, yəni xRoad sistemi əvəzinə ciddi əhəmiyyət kəsb edən ASAN Bridge hazırlayandan sonra bu proses xeyli sürətlənmişdi. Lakin görünən odur ki, inteqrasiya başa çatmaq bilmir, yenə də vətəndaşlardan kağız formada sənədlər tələb olunur. Hansı ki, həmin sənəd elektron formada digər bir dövlət qurumunda var. İnteqrasiya olmadığından, başqa bir dövlət qurumu məcburdur ki, həmin sənədi tələb etsin”.

Osman Gündüz bildirib ki, rəqəmsal hökumət quruculuğu dövlət sektorunda kağız bürokratiyasını hələlik aradan qaldıra bilməyib: 
 

“Hələ də vətəndaşdan müxtəlif arayışlar və çıxarışlar tələb olunur. Hansı ki artıq xeyli müddətdir ki bunları e-Gov Mərkəzi rəqəmsal formada hazırlayıb və MyGov-da yerləşdirib. Lakin bir çox dövlət qurumları onları tanımaqdan imtina edir.


Düşünürəm zamanı yetişib ki, hər hansı bir dövlət orqanında artıq  vətəndaşla və ya hansısa bizneslə bağlı məlumat varsa onu digər dövlət qurumunun kağız və ya elektron formada tələb etməsi və ya toplaması rəsmi olaraq qadağan edilməlidir. Əks halda, dataya “özəl” yanaşma davam edəcək, yəni elə dövlət qururmları var ki, “oturub” özünün yaratdığı DATA-nın üzərində və heç kimlə paylaşmaq fikri yoxdur. Belə olanda da mövcud servislər tam funksional fəaliyyət göstərə bilmir, həm vətəndaşlar və həm də biznes üçün datalara və servislərə çıxışla bağlı problemlər yaranır. Görünən odur ki, e-Gov Mərkəzi bu tip bəzi dövlət qurumlarına da inteqrasiya ilə bağlı təsir edə bilmir”.

Həmçinin ekspertin fikrincə, qanunvericilik qaydasında bu məsələ həllini tapmasa, dövlətə məxsus mövcud DATA rəsmi sənəd olaraq qəbul olunmasa, inteqrasiya və rəqəmsal transformasiya məsələləri uzun illər ləngiməkdə davam edəcək: 
 

“Bəzən də müşahidə olunur ki, bir sıra dövlət qurumları üçün rəqəmsallaşma hər il dövlətdən böyük vəsaitlər əldə etmək üçün bir imkana çevrilib. Bir-birini təkar edən sistemlər, alt sistemlər formalaşdırılır, mənasız informasiya sistemləri yaradılır və onların saxlanılmasına hər il milyonlarla vəsait silinir.


Nəticədə effektivlik aşağı düşür, dövlət sektorunda optimizasiya və çeviklik səngiyir, korrupsiya riskləri artır, xidmətlərin keyfiyyəti aşağı düşür və s. Fikrimcə, bu istiqmətdə ciddi audit, monitorinq işləri aparılmalıdır. Düşünürəm ki, indiki halda bu problemin daha sürətli həllinə Prezident fərmanları ilə nail olmaq olar”, - deyə qeyd edən O.Gündüz əks halda rəqəmsal hökümətin qurulmasına nail ola bilməyəcəyimizi deyib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO