İkinci Qarabağ müharibəsində hər iki gözünü itirmiş qazimizin HEKAYƏSİ – MÜSAHİBƏ

İkinci Qarabağ müharibəsində hər iki gözünü itirmiş qazimizin HEKAYƏSİ – MÜSAHİBƏ

Hazırda oxunan: İkinci Qarabağ müharibəsində hər iki gözünü itirmiş qazimizin HEKAYƏSİ – MÜSAHİBƏ

81022

1987-ci ildə Beyləqanın Kəbirli kəndində doğulub. Hərbçi olub, gizir rütbəsi daşıyıb. Fizuli uğrunda gedən döyüşlərdə yaralanaraq hər iki gözünü itirib. Ona yaxınlaşıb qəhrəmanlıqlarına görə təşəkkür edəndə, deyir ki, “təşəkkürə heç bir ehtiyac yoxdur, mən Vətənə oğul, dövlətimə vətəndaş və bir hərbçi kimi öz vəzifə borcumu yerinə yetirmişəm”.

Azərbaycan Ordusunun yaranmasının 104 illiyi münasibəti ilə qəhrəman qazimiz Allahverdiyev Vasif Bayram oğlu Bizim.Media-nın suallarına cavab verib, II Qarabağ Savaşından söhbət açıb:

- Müharibədə hər iki gözümü itirəndən sonra bir müddət müalicə almağa başladım, lakin müalicələrim heç bir nəticə vermədi. Hazırda burada müalicələrim dayandırılıb və sənədlərimi xarici ölkələrə göndəriblər. Ümid edirəm ki, dövlətim mənim gözlərimin açılması üçün müalicəmə kömək edəcək. Hazırda ruh yüksəkliyim yerindədir.

- Müharibədən sonrakı həyatınızdan başlayaq, yəqin ilk zamanlar reallıqla barışmaq çox çətin oldu...

- Acılı-şirinli günlərim çox olub. Amma ən yadda qalan məqam o oldu ki, mənim müsahibəmi oxuyan bir qardaş mənə bir gözünü vermək istəyirdi. Yadımdadır ki, idman müəllimi idi və saytdan onu mənimlə əlaqələndirdilər, lakin mən buna razı olmadım . Məhz belə oğulları olan bir vətən üçün döyüşdüyüm üçün çox xoşbəxtəm.

- Döyüşlər bitəndən sonra azad etdiyiniz torpaqlara səfər etmisinizmi?

- Müharibə vaxtı döyüşərək azad etdiyim torpaqları görmüşdüm, ancaq müharibədən sonra o torpaqlara səfər etməmişəm. Düşünürəm ki, bu gün şəhid övladları Qarabağ torpağına səfər edib oraları görürlərsə, o zaman sanki mən də görmüş kimi oluram. Xüsusən də şəhid övladlarının Qarabağa gedərək orada şənlənməsi məni çox sevindirir.

- Hazırda ən böyük arzunuz nədir?

- Hərbiçi olduğum üçün demək olar ki, bütün həyatımı hərbi xidmətdə keçirmişəm. Məni tanıyanlar işimə çox ciddi yanaşdığımı yaxşı bilirdilər və getdiyim toylarda belə, kimisə təbrik edərkən Qarabağımızın qayıtmağını arzu edirdim. İndi həm Qarabağ geri qayıtdı, həm də mənə bu müqəddəs torpaq uğrunda döyüşmək nəsib oldu. Bir məsələ də var ki, işimin ciddiyyətini nəzərə alaraq mən uşaqlarımla vaxt keçirə bilmirdim. İndi ən böyük arzum öz gözlərimlə uşaqlarımın necə böyüdüyünü görmək və onların əllərindən tutub Şuşada “Cıdır Düzü”nün möhtəşəm havasını içimə çəkməkdir.

- Qanını və canını torpaqlarımızın azadlığı uğrunda fəda edən biri kimi gənc əsgərlərimizə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan ordusu ən güclü ordulardan biridir. Bütün dünya Azərbaycanın 30 il sonra öz torpaqlarını azad etməsindən və Azərbaycan ordusunun müharibədə göstərdiyi şücaətdən danışır. Bütün mənalarda ordumuzun inkişafı üçün əlindən gələni əsirgəməyən, Azərbaycan kimi böyük bir ailəyə başçılıq edən cənab Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm və qarşıdan gələn 26 İyun “Silahlı Qüvvələr” gününü təbrik edirəm. 

- Məncə, gənc hərbiçilərimiz şəhid analarından vətənpərvərliyi öyrənməlidirlər. 

- O ana ki, övladını itirəndə “Vətən sağ olsun” deyir, o ana ki övladının qoxusunu üçrəngli bayraqdan alır, məhz onların sayəsində vətənimizin başı həmişə uca olacaq.

Leyla Şah, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO