Hacı Məmmədovun cinayətlərində Rüstəm Usubovun əməlləri üzə çıxdı – MTN polkovnikindən ŞOK AÇIQLAMALAR

Hacı Məmmədovun cinayətlərində Rüstəm Usubovun əməlləri üzə çıxdı – MTN polkovnikindən ŞOK AÇIQLAMALAR

Hazırda oxunan: Hacı Məmmədovun cinayətlərində Rüstəm Usubovun əməlləri üzə çıxdı – MTN polkovnikindən ŞOK AÇIQLAMALAR

80159

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bizim.Media xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda  MTN müstəntiqlərinin ibtidai istintaqa verdikləri ifadələr elan edilib. 

İfadələr təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında elan olunub. Həmin ifadələrdə MTN-də zərərəkənlərdən pul tələb olunub alınması təkzib olunub. 

Yasin Məmmədov məhkəmənin diqqətinə çatdırmaq istəyib ki, nəinki o, ümumiyyətlə onun yanında olan müstəntiqlər də kimsədən pul tələb etməyib. Onun sözlərinə görə, icraatlarında olan cinayət işləri üzrə Baş Prokurorluqdan verilən şifahi və yazılı göstərişləri, əmrləri icra ediblər. 

Bundan sonra söz təqsirləndirilən şəxs Sahib Ələkbərova verilib. O, 20 il xidmət etdiyini diqqətə çatdırmaqla, ona 6 epizod üzrə ittiham verildiyini deyib.
İttihmların saxta olduğunu deyən Sahib Ələkbərov, həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul almadığını, tələb etmədiyini, rüşvət almadığını dilə gətirib.

O, icraatında olan cinayət işləri üzrə birbaşa baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib: 

“Mən istintaqa cəlb olunan şəxslərdən pul almamışam, tələb etməmişəm. Kimsə pul tələb edibsə və alıbsa, prokurorluq, prokurorluğun Ağır Cinayətlər İdarəsi araşdırma aparsın, müəyyən etsin və məsuliyyətə cəlb etsin. Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkədə rüsvay olmalıdırlar. Çünki burada baş verənləri mətbuat yazır. Hər kəlməmiz mətbuatda işıqlandırılır".

Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib: 

“Zakir Qaralovla və Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir. Bu iki şəxs məhkəmədə dindirilmədən obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq İdarəsində daxil olan material birbaşa baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. Cinayət işinin başlanması haqda qərarda ayrıca bənd olurdu. Həmin bənddə 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın  surətinin göndərilməsi tapşırılırdı”.

Sahib Ələkbərov qeyd edib ki, xidmət etdiyi müddətdə heç bir cinayət törətməyib:

"Bu gün də həmin cinayətə görə məsuliyyət daşımağa hazıram. Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olmuşam. İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətnin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsinin cinayətləri barədə baş prokuror Zakir Qaralova ətraflı yazılı məlumat verib. Müraciətindən sonra, o zaman Rəna Nəsibovanı Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib.

O, Rüstəm Usubova Hacı Məmmədovun dəstəsinin üzvü olan çeçenlərdən biri ilə münasibətinin olduğunu açıqlayıb. Deyib ki, Hacı adlı polis əməkdaşının adam oğurlayan və serial qətllər törədən dəstəsi var.

Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və serial qətllərlə bağlı çox ciddi məlumatlar vermişdi. Rəna Nəsibovaya deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova bütün bildiklərini Rüstəm Usubova deyib,  o da MTN-ə və Daxili İşlər Nazirliyinə formal olaraq məktub yazmaqla işini bitmiş hesab edib.

Rüstəm Usubov bu məktubu yazandan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti aşkarlandı. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov idi. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb.  
O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb.

Məlum oldu ki, Rüstəm Usubov qeyd etdiyim kimi, iki məktub yazmaqdan başqa hər hansı bir tədbir görməyib.

Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin göstərişi icra etmədim. Buna görə peşmanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım. Sizdən xahiş edirəm ki, Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilməsini təmin edəsiniz. Onun mənimlə o zamandan, onu dindirməyimlə əlaqədar şəxsi ədavəti var. Ona görə də məni də bu işə qatıb və bu gün sizin qarşınızdayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”. 

Zərərçəkən Qulam Bağırov isə sədrlik edən hakimə etirazını bildirib: 

“Siz məhkəmənin ilk günündən açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermirsiz. Jurnalistlər hər dəfə məhkəmə binası önünə gəlib prosesdə iştirak etmək istəyirlər. Lakin qapıda polis onlara deyir ki, hakim məhkəmədə iştiraklarını qadağan edib. Buna görə də jurnalistlər açıq məhkəmə  prosesində iştirak edə bilmirlər. Sizin bu göstərişiniz qanunsuzdur. Bizə qarşı cinayətlər də məhz qapalı şəraitdə, jurnalistlərdən, geniş ictimaiyyətdən gizlədilməklə törədilib.

Bu gün siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki olaraq Mövlam Şıxəliyevgilin bizlərə qarşı cinayətlərinin ört-basdır olunmasına şərait yaratmağa çalışırsız. Bununla da Mövlam Şıxəliyevgilin cinayətlərinə şərik olursuz. 9 aydır məhkəmə gedir, siz zərərçəkənlərin bir vəsatətini belə təmin etməmisiz. Təqsirləndirilən şəxsləri, özəlliklə Mövlam Şıxəliyevi müdafiə edirsiz.

Məhkəmənin ilk günündən siz, Mövlam Şıxəliyevə “Mövlam müəllim” deyə xitab edirsiz. Bu, ondan irəli gəlir ki, siz müstəntiq işlədiyiniz dövrdə Mövlam Şıxəliyevin rəhbərliyi altında çalışmızınız.  
Sadaladığım faktlar sizin bu iş üzrə ədalətli hökm çıxaracağınızı şübhə altına alır. Ona görə də xahiş edirəm ki, hakim Elbət Hidayət oğlu Allahverdiyevə etirazım təmin olunsun, o, iş üzrə hakimlikdən uzaqlaşdırılsın”. 

Hakim Elbəy Allahverdiyev etiraza belə münaisbət bildirib:

“Gəlin, bu məsələyə birdəfəlik aydınlıq gətirək. Mən həqiqətən də 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinə istintaq qrupuna ezam edilmişəm. İstintaq qrupunun tərkibində fəaliyyət göstərmişəm. Həmin vaxt Mövlam Şıxəliyev orada...”.

Hakim bu yerdə üzünü dəmir barmaqlıq arxasında oturan Mövlam Şıxəliyevə tutaraq sual verib?

- Siz MTN-də nə vaxtdan xidmətə başlamısız? 

Mövlam Şıxəliyev:

- 2004-cü ildə MTN-də bölmə rəisi vəzifəsində xidmətə başlamışam. 

Mövlam Şıxəliyevin bu cavabından sonra hakim  birdəfəlik aydınlıq gətirmək istədiyi mövzudan danışmaqdan yayınıb. Qulam Bağırovun etirazında adının düzgün yazılmadığını əsas gətirərək, etirazı düzəlişdən sonra təqdim etməsini istəyib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO