Şurnux yox, Şurnuxu! - KƏND ZİYALISININ ETİRAZI - FOTO

Hazırda oxunan: Şurnux yox, Şurnuxu! - KƏND ZİYALISININ ETİRAZI - FOTO

8004

"Doğulub, boya-başa çatdığımız vətənin dilbər guşələrindən biri Zəngəzurun övladı Şurnuxu indi dünyanın diqqət mərkəzinə çevrilib. Bu kəndin hər qarışı uğrunda çəkişmələr baş alıb gedir".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında filologiya elmləri namizədi, dosent, əslən Şurnuxu kəndindən olan Əzəmət Rüstəmov bildirdi. Kəndin folklorundan bəhs edən müsahibimiz bayatı ilə danışdı:

Şurnuxunun dağı var,
Keçmə burdan, yağı var.
Dindirmə qan ağlaram,
Məndə qardaş dağı var.

Əzəmət Rüstəmov vurğuladı ki, Zəngəzurun müasir dövrə qədər gəlib, çıxan toponimləri bu ərazinin qədim oğuz, türk torpaqları olduğuna sübutdur. Ziyalı dedi ki, ermənilər həmin ərazidə 40-dan çox kəndi məhv ediblər:

"Şurnuxu aykoniminə gəlincə, bu kəndin adına XIX əsr Çar Rusiyasına aid rəsmi sənədlərdə də rast gəlinir. S.P.Zelinskinin tədqiqat materialında Şurnuxunun adı çəkilir. 1988-ci ildə Şurnuxu kəndi dağıdılıb, insanlar qətlə yetirilib, var-dövləti əllərindən alınaraq qovulublar".

Qarabağda Şuşanın nə dərəcdə önəmli olduğunu deyən Əzəmət Rüstəmov Şurnuxunun da Zəngəzur üçün bir o qədər əhəmiyyətli olduğunu vurğuladı. Şır-şır bulaqları və şəlaləsinin səsinin "şurnux" sözünü yaratdığını deyən filoloq əlavə etdi ki, kəndin adı həm də relyeflə bağlıdır:

"Şırnıx, şırnox kiçik şəlalə deməkdir və camaatın dilində Şurnux yox, Şurnuxu kimi formalaşıb. Şurnuxu adındakı "u" elementinə gəlincə, mənsubiyyət mənasını ifadə edir. Yəni şırnağı, şırıltısı olan yer. Kəpəz dağının ətəyində yerləşən bu kənd erməni vandalizminin qurbanı olub. Kəndin təbiəti o qədər gözəldir ki, ermənilər oranı indi də əldən vermək istəmir". 

Şurnuxun yenidən bizə qaytarılaraq rəsmi şəkildə Qubadlı rayonuna aid edildiyini deyən ziyalı kəndin bir hissəsinin ermənilərdə qalması məsələsinə münasibət bildirdi:

"Buna da imkan vermək olmaz. Ermənilər üçün nəzərdə tutulan ərazidə qəbirstanlıq var idi. Yəqin ki, məzarlığı dağıdıblar. Biz ora qayıdanda ermənilər belə addımlara görə nə cavab verəcək? Bizimlə birgə yaşamaqları mümkündürmü? Buna görə də Şurnuxunu bütövlüklə geri almaq lazımdır".

Kəndin çoxsaylı ziyalılarından söz açan Əzəmət Rüstəmov Şurnuxunu bir ailədən 3 alim çıxan kənd adlandıraraq öz ailəsini nəzərdə tutdu. Xatırlatdı ki, Şurnuxuya həmin zonanın akademiyası deyirdilər. Müsahibəsində kəndin adının "Şurnux" yox Şurnuxu olduğunu dönə-dönə təkrarlayan ziyalı ermənilərin ad dəyişmə metodlarından söz açdı:

"Sadəcə, Şurnuxu kəndi Şurnux formasında ermənilərin dilinə yatır deyə kəndin adını belə yazıblar. Onlar bunu biz orada yaşayan zamanlarda da edirdilər. Fonetik dəyişiklik ilə onlar Şurnuxunu özününküləşdirməyə çalışırdılar. Şurnux olsa da, bu ad kəndin bizə aid olmadığını göstərmir, amma kəndin adı Şurnuxudur".

Əzəmət Rüstəmov bildirdi ki, ermənilər ad dəyişmədə 8 prinsipdən istifadə edir ki, onlardan biri də fonetik müdaxilədir:

"Şurnuxu kəndimizin əzəli adıdır və elə də yazılmalıdır." deyə ziyalı fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO