“Yanıma minaatan düşdü. Zərbə o qədər güclü idi ki, dərəyə yuvarlandım. Döyüş yoldaşlarım çətinliklə də olsa məni dərədən çıxarıb, xəstəxanaya aparmaqda kömək etdilər. Ayaqlarımı hiss etmirdim”.
Bu sözləri Bizim-Media-ya döyüş yolundan danışan Sabunçu rayon sakini, 2-ci Qarabağ savaşının qazisi Əkbər Xalıqov deyib.
44 günlük şanlı tariximizi öz qanı-canı bahasına yazan igidlərimizin sırasında onun da payı var.
Tərtər və Ağdərə döyüşlərində ayağının birini itirən qazimiz 2 dəfə ayrı-ayrı xəstəxanalarda əməliyyat olunub.
Əkbər Xalıqov 2001-ci il mayın 19-da Sabunçu rayonu Maştağa qəsəbəsində doğulub. Ötən ilin iyul ayında hərbi xidmətə yollanan qazimiz Vətən savaşı başlayanda döyüşlərə qatılıb.
Şücaəti və cəsarəti ilə seçilən gənc qazimiz döyüşlərdə böyük ruh yüksəkliyi ilə iştirak etdiyini deyir:
“Hər birimizdə döyüş ruhu o qədər yüksək idi ki, düşündüyümüz yalnız “irəli” getmək idi. Tarixi torpaqlarımızı düşmənə təslim etməmək üçün canavar kimi döyüşürdük. Noyabrın 4-də Tərtər istiqamətində gedən döyüşlərdə yaralandım, bir neçə döyüş yoldaşlarım isə gözümün önündə şəhid oldular. Allah onların məkanını cənnət etsin. Şəhidlik uca zirvədir. Kaş ki, mən də o zirvəyə çatardım”.
Əkbər Xalıqovun sözlərinə görə, yaralanandan sonra Gəncə Şəhər Hərbi Hospitala aparılıb və sol ayağının dizdən aşağı hissəsi ambutasiya olunub. Bir gün sonra Ağcabədi Rayon Mərkəzi xəstəxanasına aparılıb.
Orada da əməliyyata alınıb. Bir ay həmin xəstəxanada müalicə alınandan sonra Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilib.
Qazinin sağ ayağının pəncə hissəsində qəlpə və deşik yaraları var və bu günə kimi də müalicəsi davam etdirilir.
Qazimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilib:
“Sadəcə telefonda məlumatım olub ki, medalla təltif olunmuşam, amma hələ mənə təqdim etməyiblər”- deyə qazi əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:01 / 08.01.2021
“Təltif olunsam da hələ medalı görməmişəm” – Ayağını itirən qazi
Hazırda oxunan: “Təltif olunsam da hələ medalı görməmişəm” – Ayağını itirən qazi
Hazırda oxunan: “Təltif olunsam da hələ medalı görməmişəm” – Ayağını itirən qazi
7848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.