Yeniyetmə yaşda ailə quran Türkan qəsəbə sakini Səadət Nəcəfovanın qardaşı Vüsal Nəcəfov tərəfindən döyüldüyünü və bu səbəbdən Xəzər Rayon Polis Şöbəsində cinayət işi açıldığını xəbər vermişdik.
Qeyd edək ki, Səadət Nəcəfova 14 yaşında qəsəbə sakini 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girib, 15 yaşında isə ana olub. Ailəli ola-ola, həyat yoldaşının xalası oğlu ilə münasibətdə olduğuna görə isə qardaşı tərəfindən döyülüb.
Bizim.Media-ya olayın təfərrüatlarını danışan Vüsal Nəcəfov Xəzər Rayon Polis Bölməsini ittiham edərək, bu məsələdə onun deyil, azyaşlının ərə veriləsində günahı olanların məsuliyyətə cəlb olunmasını tələb edib:
“Polis bölməsində barəmdə 128-ci maddə ilə iş açılıb. Həmin materiala bir neçə il əvvəl də dava saldığım əlavə olunub. Halbuki bacımın 14 yaşında qeyri-rəsmi nikaha daxil olmasına etiraz edərək, əsəbi halda anama şillə vurmuşdum. Bu səbəbdən Xəzər Rayon polis Bölməsində məsələ qaldırılmışdı. Yəni Xəzər Rayon polis Bölməsi bacımın 14 yaşında qaçdığından xəbərdar idi. Hələ o vaxt anama deyirdim ki, bacımı geri qaytaraq. Anam razılaşmadı. O vaxtdan münasibətlərimiz gərginləşdi və anamın evindən ayrıldım”.
MÖVZU İLƏ BAĞLI:
“Sabunçu” xəstəxanasından orada ana olan 15 yaşlı qızla bağlı AÇIQLAMA – ÖZƏL
Vüsal Nəcəfovun sözlərinə görə bacısının hərəkətlərindən küçəyə çıxa bilmir:
“Bacımla atalarımız ayrıdır. Amma o mənim qeyrətim və namusumdur. Canım yanır və onu qorumaq borcumdur. Anam atamın ölümündən sonra başqa bir şəxslə ailə qurdu və 2006-cı ildə Səadət dünyaya gəldi. Sonra atalığım anamı və bizi aldadıb, evdəki pulları götürüb yoxa çıxdı. Bacımın 15 yaşı tamam olmamışdı, icazəm və xəbərim olmadan Yalçına qaçdı.
Bu yaxınlarda eşitmişəm ki, bacımı Yalçının xalası oğlu yoldan çıxarıb. Deyir Yalçından boşan, səni alıram. Bacımın 1 yaş 1 aylıq qız övladı var. Niyə ailə dağılsın axı? Bacımı başa salmaq istəyirdim, üzümə qayıtdığı və hərəkətlərinə haqq qazandırdığı üçün onu döydüm. Bacım anamı və məni aldadır. Amma onun Yalçının xalası oğlu ilə əl-ələ gəzdiyini qəsəbədə görüblər. Hətta şəkillərini də mənə atıblar.
Polisə şikayət ərizəsində ögey qardaşı olduğumu əsas gətirərək, guya onu hər gün döydüymü, pisliyini istədiyimi qeyd edib. İş orasındadır ki, anam da bacımın tərəfini turur və sonadək qızının arxasında duracağını bildirir. Mən isə Yalçının xalası oğlu Bilalın atasına zəng edib oğlunun bacımdan uzaq durmasını istədim.
O, isə mənə “sən heç nə edə bilməzsən, pulum da, imkanım da var. Qız oğlumu istəyirsə, sən qarışma, özləri bilər” deyir. Türkanda küçəyə çıxa bilmirəm. Kimi görürəm hamısı bacımdan, səhv hərəkətlərindən danışır”.
Alçina Amilqızı, Bizim.Media