Ərkivanda 100 illik MİRAS  – “Qızlarımız hara gəlin köçürsə, cehizlərinin yanında arı ailəsi aparır”

Ərkivanda 100 illik MİRAS  – “Qızlarımız hara gəlin köçürsə, cehizlərinin yanında arı ailəsi aparır”

Hazırda oxunan: Ərkivanda 100 illik MİRAS  – “Qızlarımız hara gəlin köçürsə, cehizlərinin yanında arı ailəsi aparır”

71440

“40 ilə yaxındır arıçılıqla məşğulam. Gəlin köçəndə atam cehizlə yanaşı 2 arı ailəsi hədiyyə etdi. Onu artırıb 200 arı ailəsi etdim. Bizdə bu sahə nəsildən-nəslə ötürülmədir. 56 il arıçılıqla məşğul olan atam Sarbala Şiriyevin verdiyi mirası mən, 7 qardaşım və övladlarımız davam etdirir. Nəsildəki qızlar hara gəlin köçürsə, cehizlərinin yanında arı ailəsi aparır”. 

Bu sözləri jurnalistlərə açıqlamasında Masallının tanınmış qadın sahibkarı, “Obal” aqroturizm müəsisəsinin sahibi Qönçə Quliyeva “Konstitusiya” Araşdırmalar Fondunun Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) təşkil etdiyi mediaturda bildirib.
Xanım sahibkar dövlətdən icarə götürdüyü 8 hektar ərazidə 200 arı ailəsi ilə yanaşı, 1000-dən çox meyvə, 2000  tut ağacı yetişdirir. Həmçinin maldarlıq və baramaçılıqla məşğul olur.

Dövlətin də bu sahənin inkişafı üçün ona dəstək göstərdiyini vurğulayan Qonçə Quliyeva 4-5 ildir ki, 200-250 arı ailəsi saxladığını deyib:

“Dövlət bizə həm güzəştli kredit, həm də təsərrüfatda istifadə edilən balsüzən maşın verib. Hazırda təsərrüfatımızda 150 arı ailəsi var. Gələcəkdə onların sayını daha da artırmağı düşünürük. Balla yanaşı həm də arı ailəsini də satışa çıxarırıq. Bir yeşik arı ailəsinin qiyməti təxminən 300 manat civarında olur. Yeşiksiz ana arı 250 manat, pöhrələr isə 70-80 manata təklif olunur. Balın kilosunu isə 30 manata təklif edirik”.

Qeyd edək ki, Qonçə Quliyevanın təsərrfatı Ərkivan qəsəbəsindən 1 kilometr uzaq məsafədə yerləşir. Həm biznesini, həm də yaşayışını həmin ərazidə davam etdirən xanım sahibkar arıçılığın kənddən, insanlardan və heyvanlardan kənarda olmasını daha etibarlı hesab edir:

“22 il yarmarkalara bal çıxarmışam və ilk yarmarkanın başçısı olmuşam. Xarici bazara hələki bal çıxara bilməmişik. “Obal” brendini 1 ildir ki, yaratmışıq. Amma fəaliyyətimiz 40 ildir ki, davam edir”.
Qonçə Quliyevanın sahibi olduğu müəssisədə turistlərin qəbulu üçün də qonaq otaqları fəaliyyət göstərir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO