"Şuşa kataloqu" təqdim olundu

Hazırda oxunan: "Şuşa kataloqu" təqdim olundu

70606

Azərbaycan Milli İncəsənət Muzeyində "Şuşa kataloqu"nun təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iştirak edib. 

Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışında bildirib ki, "Şuşa ili" çərçivəsində hazırlanan kataloqun əhəmiyyəti arxiv sənədi qismində müstəsnadır:

"Kataloqda Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən təfsilatlı bəhs olunub. Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda tarix-mədəniyyət abidələrinin hazırki vəziyyətini əks etdirən dron görüntüləri və xəritə üzərində yerləşdiyi məkanlar qeyd olunub. Kataloqda Şuşa şəhərində işğalın nəticələrinin tam əks etdirilməsinə çalışmışıq”. 

Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, Şuşa bərpa-quruculuq işlərinin mərkəzində dayanır:

"Ötən dövr ərzində infrastruktur layihələri ilə bərabər tarix-mədəniyyət abidələrinin bərpası işlərinə də xüsusi diqqət yetirilib. Bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilir və bu kataloq da məhz bu tədbirlər çərçivəsində hazırlanıb”. 

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov kataloqu Azərbaycan gerçəklərini dünya ictimaiyyətinə daha tutarlı təqdim edə bilmək üçün arqumentləşdirilmiş fakt toplusu adlandırıb:

"Bu faktlar tarix-mədəniyyət abidələrimizə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın hesablanması, nəticələrinin təhlil edilməsi, gələcək bərpa prosesinin düzgün istiqamətdə aparılması, eləcə də mədəni irsimizin məruz qaldığı dağıntı, vandalizm və mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına tutarlı sənəd qismində çıxış edəcək”. 

Qeyd edək ki, "Şuşa kataloqu" Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Dövlət Xidmətinin təşkilatçılığı ilə hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO