Xəbər verdiyimiz kimi, dünən məşhur bloger Hüseyn Həsənov Bakıda fanatları ilə görüş keçirib.
Lakin dünəndən etibarən sosial şəbəkələrdə yayılan görüntülər, dəhşətli izdiham hər kəsin müzakirə mövzusuna çevirilib. Əksəriyyət ora toplaşan gəncləri qınayır, hətta hadisədən məyus olduqlarınl ifadə edirlər.
Bəs görəsən gənclərin oraya yığışmasına səbəb bloqer sevgisi idi yoxsa “İphone”?
Psixoloq Fərqanə Mehmanqızı isə deyilənlərə əks cavab verib. O, Bizim.Media-ya açıqlamasında gənclərin bu qədər tənqid olunmasına etirazını bildirib:
MÖVZU İLƏ BAĞLI:
“Adam döyən, zorakı insanlar çox qorxaq olurlar” – Psixoloqdan AÇIQLAMA
“Mən düşünmürəm ki, oradakılar sadəcə “İphone” sevgisinə görə məkana toplaşmışdılar. Görünənlər sadəcə bir qrup yeniyetmələrin emosiyalarıdır. Bunu qınaq obyektinə çevirmək, ümumi gəncliyin adına yazmaq heç doğru deyil. Unutmayaq ki, 2 il bundan öncə Azərbaycan gəncliyi vətən savaşında qalib oldu. Biz bu qələbəmiz üçün bu gün gənclərimizə, igidlərimizə borcluyuq. Həmçinin Azərbaycan gəncliyi dünən videoda göstərilən tək o yeniyetmələrdən ibarət deyil”.
F.Mehmanqızının sözlərinə görə, tənqid edən şəxslərin özləri belə həmin gəncliyi yetişdirənlərdir. Bu tip hadisələrin olmağını istəmirlərsə, birinci özlərini dəyişdirməyə başlamalıdırlar:
“Sadəcə dünən baş verənlər kütlə psixologiyasının təsiridir. Gəlin, həmin toplaşanlardan bir nəfəri tək olaraq desək ki, qışqır-bağır, təbii ki, etməz. Bu gün təəssüf ki, olqun yaşdakı insanlar sosial şəbəkələrdə açıq və aqressiv şəkildə gəncliyi pisləyir, o kütlədən emosiyalarını idarə etməyə gözləyirik. Halbuki ordakılar 16-17 yaşlı yeniyetmələrdir və bir-birlərinə baxıb hərəkət ediblər, bir növ adrenalin axtarışında olublar.
Bu hərəkətləri cəmiyyət olaraq sadəcə korrektə edə bilərik. Üstlərinə getməklə, tərbiyəsizlikdə günahlandırmaqla nəsə əldə etmiş olmayacağıq. Bu gün tənqid edənlərin özləri də sözügedən yeniyetmələri yetişdirən şəxslərdir. Biz emosional xalqıq, ona görə də belə çılğın hallara görə heç də təəccüblənmək lazım deyil”, - deyə o, qeyd edib.
Səkinə Yusibli, Bizim.Media