Azərbaycanda özəl mühafizə işinin fəaliyyəti ürəkaçan deyil. Əslində ciddi məsuliyyət və peşəkarlıq tələb edən bu məsələ ilə bağlı mövcud qanunvericilikdə də boşluqlar var. Özəl mühafizə haqqında qanunun qəbulundan 15 il müddət keçir.
Bu qanuna sonrakı dövrlərdə bir neçə dəyişiklik də edilib. Lakin qanunun mətni ilə tanış olarkən müəyyən çatışmazlıqların olduğu diqqətdən yayınmır. Ekspertlərin fikrincə, məhz bəzi müddəalarda yer alan boşluqlara görə bu sahəyə maraq azalıb.
Üstəlik fəaliyyətin effektliyi üçün xarici təcrübə nəzərə alınmayıb. Baxmayaraq ki, sözügedən sahə Azərbaycandan fərqli olaraq digər ölkələrdə daha geniş istiqamət alıb.
Boşluqlardan biri mühafizəçilərin geyim forması ilə bağlı problem və üzərlərində silah gəzdirilməməsi ilə bağlı məqamlardır.
Özəl mühafizə haqqında qanunda qeyd olunub ki, özəl şirkətlərdə çalışan mühafizəçilərin geyim formaları hüquq-mühafizə orqanları əməkdaşlarının formalarından seçilməlidir. Halbuki təcrübədə bu cür məqamlar nəzərə alınmır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev sözügedən sahə ilə bağlı xarici təcrübəyə söykənib:
“Azərbaycanda mühafizəçi fəaliyyəti ilə yalnız fiziki qüvvəyə malik olanlar məşğul olur. Bəziləri hesab edir ki, mühafizəçilərə xüsusi geyim və üzərlərində silah, eləcə də xüsusi vasitələr gəzdirmələrinə imkan verilməlidir. Bu sıraya odlu silah və polislərdə olan dəyənək aiddir. Bəzi ölkələrdə bizdən fərqli olaraq bu silah və vasitələrə icazə verilir. Bu məsələ taktikadan asılıdır.
Qeyri-dövlət orqanlarının müdafiə etdiyi obyektlərə silahlı hücum olubsa, o zaman bu barədə düşünmək olar.
Əslində Azərbaycanda obyektlərin böyük əksəriyyətini polislər mühafizə edir. Xaricdə isə bu proses tam fərqlidir. Orada qeyri-dövlət mühafizə sistemi çox geniş yayılıb. Banklardan tutmuş müxtəlif özəl idarələrin, tanınmış şəxslərin mühafizəsini özəl strukturlar aparır. Bizdə isə bunu polis həyata keçirir.Özəl mühafizə sisteminə adətən idmançıları götürürlər. Amma bu da çox geniş yayılmış deyil. Bu struktura inam və etimad azdır Bu baxımdan özəl mühafizə və özəl dedektivlik fəaliyyəti xaricdəki kimi Azərbaycanda inkişaf etməyib”.
MÖVZU İLƏ BAĞLI:
Özəl mühafizə sahəsindəki PROBLEMLƏR – Qanunda hansı dəyişikliklərə ehtiyac var?
Vəkil onu da qeyd edib ki, xaricdə mühafizəçi kimi götürülən şəxslərin həm fiziki, həm də psixoloji durumuna diqqət yetirilir:
“Mühafizəni aparan şəxs xüsusi vasitə və silahlarla təmin olunursa, onun boy-buxunun elə də əhəmiyyəti yoxdur. İşə götürənlər bəzən bu kriteriyaları öz elanlarında da yerinə yetirirlər”.
Məlumat üçün bildirək ki, qeyri-dövlət özəl mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan 10 aprel 2007-ci ildə qəbul edilib. Qanunda həmçinin Özəl mühafizə fəaliyyətinin prinsipləri də öz əksini tapıb.Belə ki, Özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mühafizə Xidmətinin göstərilməsi lisenziyalı fəaliyyət növünə aid edilib. Yəni Mühafizə Xidməti göstərən şirkət açmaq istəyən DİN-dən icazə almalıdır. Qanunda lisenziyanın dövlət rüsumu 3000 (üç min) manatdır.
Bu səbəbdən də bəzi bu tip xidmət göstərən firmalar adını mühafizə deyil “dispetçer nəzarətçisi” adlandırırlar.
Həqiqi hərbi xidmətini qüsursuz başa vurmuş, fiziki olaraq sağlam olan, alkoqolizm və narkomaniyadan uzaq duran, məhkumluğu olmayan hər bir Azərbaycan vətəndaşı özəl mühafizə fəaliyyəti göstərən şirkətlərdə mühafizəçi işləyə bilər.
Qəsdən adam öldürmədə ittiham, məhkum olunmuş şəxslər, psixoloji və fiziki olaraq sağlam olmayan, alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslər mühafizəçi işinə qəbul olunmur.
Mühafizəçi təyin olunduğu obyektdə ayıq-sayıq olmalı, baş verə biləcək cinayət tərkibli və ya bədbəxt hadisələrin riskləri nəzərə alınmaqla işini təşkil etməlidir. Həmçinin etik davranış kodeksindən kənara çıxmamalı, nəzakətli olmalı, səbrli və təmkinli olmaqla yaranan problemin həllinin tapılması üçün ən əlverişli yoldan istifadə etməlidir.
Alçina Amilqızı, Bizim.Media