İslamın ən müqəddəs aylarından biri olan Ramazanda toy edib-edilməməsi hər il müvafiq vaxtda müzakirəyə çevrilir. İslamda Ramazan ayında toy etməyə icazə verilir. Din nəinki toylara, hətta bütün digər məclislərə də qarşı çıxmır. Amma bəzi ilahiyyatçıların fərqli yanaşması insanları çaşdırır.
Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayevin də mətbuata açıqlaması ciddi müzakirələr yaradıb.
Fuad Nurullayev hesab edir ki, Ramazan ayında toy etmək imkansız və cılızlıqdır:
“Toy adətən 6-da başlayır, iftar isə daha gec olur. Bu o deməkdir ki, sən gündüz kimlərisə yedizdirməlisən, bu çox böyük günahdır. Bu ayda evlənmək olar, amma toyun edilməsi imkansızdır”, - deyə o, bildirib.
MÖVZU İLƏ BAĞLI:
QMİ-nin təyin etdiyi 15 manat fitrə MƏCBURİDİRMİ? – İlahiyyatçılardan maraqlı CAVAB
Hacı Fuadın fikirləri ilə razılaşmayan ilahiyyatçı Elşad Miri Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirib. O, deyib ki, Ramazanla bağlı bütün məsəslələr “Qurani-Kərim”də yer alıb və insanlarımız heç kimin fikrindən asılı olmadan bu müqəddəs kitaba üz tutmalıdırlar:
“Fuad Nurullayev deyir ki, Ramazan 11 ayın sultanıdır. “Quran”da belə bir ifadə yoxdur. Bəs digər 11 ayın günahı nədir? Məsələn, indi istifadə etdiyimiz təqvimlə deyək ki, yanvar 11 ayın sultanıdır. Bəs, fevralın, martın, noyabrın, dekabrın günahı nədir? “Quran” bir anda gəlmiş kitab deyil. Bu kitab müəyyən dövr ərzində Peyğəmbərimiz və vəhy vasitəsilə insanlara çatdırılan bir instruksiyadır, noviqatordur. Həyat tərzimizi, seçimimizi müəyyənləşdirə biləcəyimiz bir kitabdır.
Fuad Nurullayev deyir biz 12 ayın 11 ayında toy, gəzinti və bütün işlərimizi görə bilərik. Adamın bildirdiyinə görə Ramazandan başqa digər aylarda, Məhərrəmlik və Səfər ayı da daxil olmaqla toy etmək olar. Bu ifadəinin özü-özünə ziddir.
Həmin adamın özündən soruşmaq lazımdır ki, bəs Məhərrəmlikdə, yaxud ondan sonra gələn Səfər ayında toy etmək olarmı? Niyə yalan danışırsınız və insanları aldatmağa çalışırsınız? Məgər Ramazan ayında gəzinti etmək olmaz? Allah “Qurani-Kərim”də 7 ayədə yer üzündə gəzin-dolaşın deyir. Sizdən əvvəlki yaradılışları görün deyir. Siz Ramazan ayını nə təsəvvür edirsiniz?”
Elşad Mirinin sözlərinə görə Ramazan ayı Quran və bu müqəddəs kitabı dərk etməyə başlama ayıdır:
“Anladığımız ayı digər ay və günlərdə həyata keçirmək ayıdır. Bu cür təqdim edilməlidir. Yoxsa ki, bu ayda nəsə etməyi cılızlıq adlandırmaq, həmin adamın həqiqətdəki dünyagörüşünü göstərmiş olur.
Dedikləri ifadələrlə dayaz təfəkkürünü sübut etmiş olur. Orucla bağlı bütün qayda-qanunlar “Qurani-Kərim”in ən böyük surəsi olan Bəqərənin 183-cü ayəsindən başlayır və 187-ci ayələrə qədər davam edir. Amma biz o qədər hökmlər, nağıllar, rəvayətlər, qaydalar, Peyğəmbərə istinad edilən sözlər çıxarıb bu işi o qədər qəlizləşdiririk ki, insanlar oruc tutmaqda tərəddüd edir. Orucun məqsədi ac və susuz qalmaq yox, “Quran”ı dərk etməyimizdir. İnsanlar gedib 8 və ya 20 rükət namaz qılırlar, saatlarla vaxtları gedir.
Ona vaxt ayırınca, “Quran”ı oxuyub, başa düşsələr, dərk eləsələr daha möhtəşəm olar. Din asandır, çətinləşdirməyin! Allah “Qurani-Kərim”in Qəmər surəsinin 17, 22, 32 və 40-cı ayəsində 4 dəfə Quranın anlaşılan, başadüşülən dildə olduğunu qeyd edir.
Din xadimlərinə, hansısa qurumun nümayəndələrinə, axundlara və imamlara öz beyninizi girov verməyin.
Dinlə bağlı onlar Allahın yer üzündəki nümayəndələri deyillər. Heç kimdən asılı olmadan “Quran”ı açın və oxuyun. Çünki rəbbimiz Qurani-Kərimin 43-cü surəsi olan 44-cü ayəsində “siz bu kitabdan sorğulanacaqsızınız deyir. Biz də sorğu-sual olunacağımız kitabı oxuyaq, nəinki başqalarının fikirlərindən asılı olaq...”
Alçina Amilqızı, Bizim.Media