Yanar dağda keçirilən fəlsəfi “ayin”dən GÖRÜNTÜLƏR - FOTO

Yanar dağda keçirilən fəlsəfi “ayin”dən GÖRÜNTÜLƏR - FOTO

Hazırda oxunan: Yanar dağda keçirilən fəlsəfi “ayin”dən GÖRÜNTÜLƏR - FOTO

68980

Aprelin 10-da “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunda “Zərdüşt belə deyirdi” adlı fəlsəfi seminar baş tutub.  

Bizim.Media-nın məlumatına görə, seminarda Bakı Fəlsəfə Akademiyasının üzvləri, Bakı Dövlət Universitetinin doktorantı Araz Əliyev və Türkiyənin Ondokuz Mayıs Universitetinin magistrantı Qoşqar Abbas çıxış ediblər.  

Seminarda hər iki fəlsəfəçi tərəfindən odun fəlsəfədəki yeri, Yanar dağın tarixdəki və fəlsəfədəki rolu, Zərdüştlüyün ilkin təməlləri, Qədim Yunan fəlsəfə ənənəsində od və Fridrix Nitsşenin “Zərdüşt belə deyirdi” əsəri barədə ətraflı məlumat verilib. Seminar iştirakçıları tərəfindən mövzu ilə bağlı ünvanlanan suallar cavablandırılıb.
“Yanar dağ” 4 min ilə yaxındır ki, insanların önəmli ziyarətgah yerlərindən biridir. Düşüncə ilə inancın birləşdiyi bu məkan həm də atəşpərəstliyin, od kultunun, oda sitayişin fəlsəfi əsaslarını müzakirə edə biləcəyimiz ideal məkanlardan biridir.

Odun hər zaman düşüncəni və ağılı təmsil etdiyini qeyd edən fəlsəfə tarixçisi Araz Əliyev isə “Yanar dağ”ın keçmişdən günümüzə bir mesaj olduğunu qeyd edir.

Onun sözlərinə görə daim hərəkətdə olan odu sadəcə fiziki olaraq yox, həm də ifadə etdiyi məna etibarilə dəyərləndirmək lazımdır.  

Od hərəkətsiz qaldığında söndüyü, yox olduğu kimi, insan da düşünməyi dayandırdığı anda məhv olur. Hərəkəti və odu bir-birindən ayırmaq mümkün olmadığı kimi, insan və düşüncə də ayrılmazdır. Fəlsəfəçinin fikrincə, insan üçün gərəkli olan tək şey daxilindəki bu düşüncə “yanar dağını” davamlılığını təmin etməkdir. 

Seminardan sonra Akademiya üzvləri və qonaqlar qoruq daxilində fəaliyyət göstərən muzeyi ziyarət ediblər, Qafqaz-İslam ordusu tərəfindən qazılan səngərlər, kurqan qəbirlər və kükürdlü su vadisi ilə tanış olublar. 
Qeyd edək ki, Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır.

Akademiya bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb və əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək, bu istiqamətdə tədbirlərin və təlimlərin təşkilini, video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirməkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO