Böyük Vətən Müharibəsinin tarix yazan qəhrəmanlarından olan qusarlı general-mayor Mahmud Əbilovun ABŞ prezidentinin bağışladığı sivri qılınc 1992-ci il yanvarın 11-dən 12-ə keçən gecə oğurlanıb.
Bu özəl məlumatı Qusar rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova Bizim.Media-ya verib.
Onun sözlərinə görə, "1992-ci ildə məlum olduğu kimi, ölkədə hərcmərclik - dərəbəylik hökm sürürdü, yenicə müstəqilliyini əldə etmiş Azərbaycan öz sərhədlərini hələ tam bərpa etməmişdi. Belə bir məqamda qiymətli metal toplayan "işbazlar" gecənin qaranlığında muzeydən oğurluq edə bilmişdilər, həm işıqlar yanmırdı, həm də həmin vaxt siqnalizasiya işləməyib".
Xatirə Nağıbəyova deyir ki, həmin vaxt muzeydən 30 adda 48 eksponat oğurlanıb, bunlar 5 ədəd əllə toxunan ləzgilərə məxsus xovsuz xalça növü olan "Sumax" xalçası, gümüş pullar, qılınc, xəncər, tapança, xəncər qını, sinəbənd, boyunbağı və s. qiymətli əşyalar olub. Oğurlanan muzey eksponatlarının hamısının dəyərli olduğunu deyən Xatirə Nağıbəyova general-mayor Mahmud Əbilovun sivri qılıncının daha qiymətli olduğunu bildirir. Əbilovun şəxsi əşyalarının bir qismini muzeyə 1998-ci ildə qızı Liya Əbilova bağışlayıb.
Sivri qılıncın ona nə vaxt hədiyyə edilməsini isə Xatirə Nağıbəyova belə nəql edir:
"7 may 1945-ci ildə Əbilovun diviziyası Elba çayı sahilində müttəfiqlərin hərbi hissələri ilə görüşür. Almaniyanın Brandenburq şəhərində keçirilən əməliyyata görə, general-mayor Mahmud Əbilov Amerikanın fəxri "Legion-of-merit" ordeni ilə təltif olunur və ona Amerika prezidenti Harri Trumenin hədiyyəsi olaraq sivri qılınc təqdim olunur."
Qusar tarix-diyarşünaslıq muzeyinin direktoru 30 il əvvəl baş vermiş oğurluğun həmin vaxt açılmadığını deyir.
"Cinayət işi açılmışdı. Amma oğurluğu edənlər tapılmadı. Sadəcə, gecə mühafizəsini həyata keçirən iki nəfər siqnalizasiya işləmədiyinə görə cəzalandırıldı".
Onun sözlərinə görə, indi Qusar muzeyində Mahmud Əbilovun kifayət qədər şəxsi əşyası - ordenləri, sənədləri və fotoları var. Muzeydə hətta 1972-ci ildə vəfat etmiş general-mayor Mahmud Əbilovun müharibədən sonra parad qəbul etdiyi geyimi-mundiri də var.
Həmin mundiri illər sonra geyinmək də bizə nəsib oldu.
Oğurlanmış əşyaların sonrakı taleyi ilə bağlı araşdırmamız isə davam edəcək.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 08.04.2022
Aytəkin Alxaslı generalın oğurlanmış qılıncının İZİNƏ DÜŞDÜ - FOTO
Hazırda oxunan: Aytəkin Alxaslı generalın oğurlanmış qılıncının İZİNƏ DÜŞDÜ - FOTO
Hazırda oxunan: Aytəkin Alxaslı generalın oğurlanmış qılıncının İZİNƏ DÜŞDÜ - FOTO
68664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.