Həsənağa Turabov oğlunun yasına gələn Siyəzən polislərini niyə danışdırmayıb? - Hadisə şahidi DANIŞIR

Həsənağa Turabov oğlunun yasına gələn Siyəzən polislərini niyə danışdırmayıb? - Hadisə şahidi DANIŞIR

Hazırda oxunan: Həsənağa Turabov oğlunun yasına gələn Siyəzən polislərini niyə danışdırmayıb? - Hadisə şahidi DANIŞIR

68456

Cinayətkar Əlişir Tağıyevin həbs əməliyyatı 1997-ci ildə ən səsli-küylü hadislərindən biri idi. Əməliyyat zamanı Xalq artisti Həsənağa Turabovun oğlu polis zabiti Daşqın Turabovun həlak olması isə hadisənin bir an içində bütün ölkədə yayılmasına səbəb oldu. 

Bizim.Media həmin hadisə ilə bağlı bir neçə yazı hazırlayıb.

Bu dəfə isə əməliyyat-qrupuna rəhbərlik etmiş, Daşqın Turabov güllələnən zaman bir addımlığında olmuş İmran Mustafayevlə danışdıq:

"Həyatda alın yazısı deyilən bir məfhum varmış. İnsan hara qaçıb getsə də,uzaqlaşsa da alın yazısı dediyimiz mif onu tutur, yaxalayır, qaça bilmir o alın yazısından. Daşqın Turabov da öz alın yazısının qurbanı oldu”.
 

MÖVZU İLƏ BAĞLI:

Həsənağa Turabovun oğlunun güllələndiyi AN – “Əlişir, mənəm, Kərbəlayıdır” – Qızı DANIŞDI 


O zaman Siyəzən rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini işləmiş İmran Mustafayev illər sonra faciə ilə nəticələnən "Əlişir" əməlliyyatı haqda ilk dəfə Bizim.Media-ya danışıb. Onun sözlərinə görə, həmin gün özü Bakıya ezamiyyətə getməli idi.

Şikayətə gələn yaşlı bir qadının dedikləri və şikayətçi olduğu şəxsin qoyduğu tələb ezamiyyət planını ertələməyə səbəb olub:

"Vəziyyət doğrudan təhlükəli idi. Rəisə məruzə etdim. Əlişirin yaxalanması üçün əməlliyyat planı qurduq. Bir neçə qrup təşkil etdik. Qrupun birinə rəhbərliyi mən edirdim".

İmran Mustafayev danışır ki, həmin gün - martın 10-da Daşqın Turabov Bakıdan ekspertizadan təzəcə qayıtmışdı:

"Biz onun maşını ilə şöbənin qarşısında üz-üzə gəldik. Daşqın idarə etdiyi "Qaz-24 "nü saxlayıb hara getdiyimizi soruşdu. Mən vəziyyəti dedim. Daşqın dedi, mən də gəlirəm, dedim, yox, sən ekpertizadan gətirdiyin sənədləri təhvil ver, işini başa çatdır".

Sabiq rəis müavini danışır ki, biz həmin ünvana yenicə  çatmışdıq ki, bir də gördük, Daşqın dözməyib gəlib yanımıza. O, Əlişiri tanıyırdı, yaxın münasibətləri vardı.
Daşqın elə bilirdi ki, Əlişir onu eşidəcək, silahı təhvil verəcək, özünə arxayın idi:

"Aralıq küçə idi. Biz addım səslərini eşitdik. Birdən Daşqın irəli atıldı - "Əlişir, mənəm, Kərbalayıdır" - deməsilə qarşı tərəfdən atəş açıldı. Mən irəli atılıb Əlişiri tutdum, əlindəki avtomatın lüləsinin istiqamətini dəyişə bildim. Belə etməsəydim, o, ətrafdakıların hamısını güllələyəcəkdi. Mənim fikrim onu tutmaq idi. Biz bir neçə dəqiqə süpürləşdik, Əlişir xeyli müqavimət göstərdi, nəhayət mən ondan avtomatı almağa müvəffəq oldum, sərxoş, həm də narkotik qəbul etmiş Əlişiri belə ələ keçirdik".

Amma açılan 13 güllədən 6-sı Daşqına dəymişdi. Qarın nahiyəsindən və sinəsindən ağır güllə yarası alan Daşqına həkimlər kömək etməkdə aciz qalmışdılar. Dərhal lazımi tibbi yardım edilsə də onu xilas etmək mümkün olmadı. Mən içəri  keçəndə "Daşqın, necəsən?" - deyib soruşanda dinmədi, başını buladı. Artıq gec idi. Daşqın "Mən ölmək istəmirəm" deyərək, kəlmeyi-şəhadətini oxudu və..."

İmran Mustafayev Daşqın Turabovun vaxtsız ölümü ilə heç cür barışmadığını, uzun müddət onun təsiri altında qaldığını deyir: 

"Daşqın məşhur oğlu idi. Heç vaxt bununla öyünməzdi. Dilinə gətirməzdi ki, mən xalq artistinin oğluyam. Çətinlikdən qorxmayan, təhlükənin içinə varan, ölümün gözünün içinə dik baxan idi. Bunu sübut etdi də. Əməliyyat qrupunda olmasa da bizim yanımızda oldu və həyatı bahasına başa gəldi bütün bunlar".

İllər sonra o müdhiş olayı xatırlayan İmran müəllim Daşqından sonra çox yaşamayan Həsənağa Turabovla bağlı sualımızı da cavablandırdı:

Belə deyirlər ki, Həsənağa Turabov yas mərasimində Siyəzəndən gələn polisləri danışdırmayıb, doğrudurmu?

"Həsənağa Turabov heç kimlə danışmırdı, dinmirdi. Sadəcə, bir nöqtəyə baxırdı. O hey susurdu. Mənə, indi xalq artistimiz olan, Ramiz Novruz yaxınlaşdı, Əlişiri tutduğuma, silahı əlindən aldığıma görə təşəkkür etdi.
Anladıq ki, Turabovlar ailəsi və dostları əməliyyatın nəticəsindən məlumatlıdırlar. Bu, həm də onların insan taleyinə - Daşqının həmkarlarına biganə qalmamalarından xəbər verir", - deyə keçmiş rəis müavini söhbətinə nöqtə qoyur.

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO