Apreldən Rusiyada üç uşağı olan ailə kommunal ödənişlərdən azad olacaq. Ümumiyyətlə təkcə qonşu Rusiyada deyil, dünyanın bir çox ökələrində üç, daha artıq uşağı olan ailələrə müəyyən güzəşt və imtiyazlar tanınır. Bu cür proqramlar isə doğumu stimullaşdırmaq və çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərmək üçün mövcuddur. Amma Azərbaycanda nəinki üç, ondan artıq uşağı olan ailələr sadəcə “çoxuşaqlı” adı ilə təltif olunur və bir qayda olaraq hər doğulan uşağa görə dövlət tərəfindən müəyyən müavinət verilir.
2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilib.
5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara isə uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 55 manat müavinət verilir.
İllərlə gündəmə gələn “uşaqpulu” və “Qəhrəman ana” statusu məsələsi isə özünü doğrultmayıb. Halbuki Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması məqsədilə hələ illər öncə “Qəhrəman ana” statusunun bərpa olunması üçün layihə işləyərək, dövlət idarələrinə və Milli Məclisə təqdim etmişdi.
Bundan əlavə deputat Musa Quliyev 4 və daha çox uşağı olan ailələrə harada yaşamalarından asılı olmayaraq mənzil tikilməsi üçün növbəsiz və rüsumsuz torpaq sahəsi verilməsi məsələsini təklif etmişdi ki, bu da hökumət tərəfindən qəbul olunmamışdı.
Bizim.Media dünya ölkələrində çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı kiçik araşdırma aparıb:
MÖVZU İLƏ BAĞLI:
Bir uşaqlı ailələr çoxalır – DEMOQRAFİK BÖHRAN yaşana bilər
Yuxarıda bəhs etdiyimiz Rusiyada 1-ci uşağa bizim pulla götürdükdə 8 min manat, 2-ci və sonrakı uşaqların hər birinə 13 min manat, 3-cü uşaqdan sonra ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir. Bunun üstünə hər uşağa görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur. Həmçinin, uşaqların 6 yaşa qədər tibbi xidməti və dərmanı pulsuz həyata keçirilir.
Üstəlik, növbəti aydan isə üç və daha artıq uşağı olan ailə kommunal ödənişlərdən azad olunacaq.
Türkiyədə ilk uşağa 200, 2-ci uşağa 400 və 3-cü uşağa isə 600 lirə aylıq müavinət ödənilir.
Gürcüstanda aztəminatlı və çox uşaqlı ailələrə hökumət ilin 6 ayı olmaqla hər ay 600 lari yardım verir.
Ukraynada 1-ci uşağa görə 1800, 2-ci uşağa görə 3750, digər uşaqlara görə isə 7140 dollar ödənilir. Eyni zamanda 1-ci uşağa görə 12 ay, 2-ciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödənilir.
Belarusda 4 uşaqlı ailələrə dövlət pulsuz mənzil verir. Bu praktika ayrıca bir sıra potsovet ölkələrində də var.
Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. 3 və daha çox uşağı olan ailələrə bir sıra başqa güzəştlər tanınır.
Fransada çoxuşaqlı ailələrə yardım məqsədilə “Böyük ailə” proqramı fəaliyyət göstərir. 1921-ci ildən qüvvədə olan bu proqram 3 və daha çox uşağı olan ailələrə bir sıra güzəşt və imtiyazlar tanıyır. Hər növbəti uşaq vergi faizini azaldır. 4 uşağı olan ailələr demək olar ki, vergi ödəmir. Hər 3-cü və sonrakı uşaqlara görə dövlət 180 avro müavinət ödəyir.
Almaniyada da çoxuşaqlı ailələrə geniş bonuslar təqdim olunur. Hər bir Almaniya vətəndaşı yeni doğulan uşağa görə 154 avro alır. Hər növbəti uşağa görə bu rəqəm 179 avro artırılır. Avstriyada hər uşağa görə verilən müavinət 160 avrodur.
İsveçdə də çoxuşaqlı ailələrə xüsusi dövlət dəstəyi var. Məsələn. 3 və daha çox uşağı olan ailələrə xüsusi ərzaq talonları verilir, kirayə evdə yaşayırlarsa, mənzilin haqqı bələdiyyə tərəfindən ödənilir və təhsil haqqında güzəştlər təklif olunur.
Finlandiyada çoxuşaqlı ailələrə heç bir imtiyaz təklif olunmur. Amma hər yeni doğulan uşağa imtiyaz paketi verilir. Həmin paket uşağın 1 yaşına qədər olan dövrdə bütün lazımi xidmət və vəsaitlərlə təmin edir.
Polşada çoxuşaqlı ailələrə dəstəklə bağlı məhdudiyyətlər var. Belə ki, bu ölkədə çoxuşaqlılıq müavinətini adambaşına aylıq gəlirin 125 dollardan az olması şərti ilə verirlər. Amma ailədə şikəst uşaq yaxud işləməyən valideyn varsa, müavinətin məbləği 2 dəfə artırılır.
Çexiyada isə çoxuşaqlı ailələr müavinətin məbləği az olsa da, qadınlara hər doğulana uşağa görə pensiya yaşları 1 il azaldılır.
Qeyd edək ki, 2006-cı ildən etibarən Azərbaycanda müəyyən yaş həddinə kimi uşaqlara verilən aylıq sosial müavinət - "uşaq pulu" ləğv olunub.
Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 50 faizdir. 2 uşaqlı ailələrin çəkisi isə azı 2 dəfə artıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılır. Bu barədə Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması, eləcə də saxlanılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Alçina Amilqızı, Bizim.Media